Dövlət Gömrük Komitəsi, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı və Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin adlarının hallandığı, 6,4 milyon manatdan artıq aksizsiz tütün qaçaqmalçılığı ilə bağlı istintaq fonunda diqqətlər yeni və sensasion detallara yönəlib.
Söhbət bu iş üzrə həbs edilən əsas fiqurlardan biri – “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin faktiki rəhbəri Ruslan Eyyubovun Xəzər dənizinin sahilində, Şüvəlan qəsəbəsində yerləşən 15 hektarlıq nəhəng ərazisindən gedir.
Dənizkənarı ərazi: 5 hektar malikanə, 10 hektar sual altındadır
Xeberler.info Musavat.com-a istinadən yaydığı məlumata görə, Ruslan Eyyubova məxsus bu ərazinin yalnız 5 hektarı bağ evi və malikanə kimi istifadə olunur. Qalan 10 hektarlıq sahənin hansı məqsədlə ayrıldığı, orada hansı infrastrukturun mövcud olduğu isə açıq sual olaraq qalır.
İstintaqın qaçaqmalçılıq versiyalarını nəzərə aldıqda, bu suallar daha da aktuallaşır.
🔹 Həmin əraziyə dəniz yolu ilə gəmilərin yanaşması texniki baxımdan mümkün idimi?
🔹 Bu sahə alternativ liman funksiyası daşıya bilərdimi?
Rəsmi qurumlar hələlik bu məsələlərlə bağlı açıqlama verməsə də, mövcud faktlar ciddi şübhələr doğurur.
Google Maps görüntüləri: ərazinin real ölçüləri


Məlumata görə, Ruslan Eyyubovun bağ evinə aid ərazi “Google Maps” vasitəsilə ölçülüb. Görüntülərə əsasən:
Ərazinin eni: 136 metr
Uzunluğu: 374 metr
Ümumi sahə: təxminən 5,8 hektar
Bundan əlavə, bağın daxilində yerləşən hovuzun sahəsinin 10 sotdan artıq olduğu bildirilir.
“Tarkhan” – Qubernatorun Dəniz Sarayı
5 hektarlıq bağ evinin daxilində yerləşən kompleks sadə yaşayış evi anlayışından xeyli kənara çıxır. Tikili “Tarkhan – Qubernatorun Dəniz Sarayı” adı ilə təqdim olunur.
Kompleksin ərazisində aşağıdakı obyektlərin mövcud olduğu qeyd edilir:
Məscid
“Sübhə” Sarayı
Minarə evlər
Badukubə Sarayı
İmaməddin Sarayı
İnqilab Evi
Arxaik Muzey
Çay Evi
Çəməngül Bağı
Fəvvarə
MİNAR Qəbul Evi
Qarajlar və İç Meydan
Məscid və simvolik fəvvarə diqqət çəkir
Kompleksdəki ən diqqətçəkən məqamlardan biri məsciddir. Məscidin hasarında 99 ədəd gümbəz yerləşir və hər birinin üzərində Allahın 99 adı həkk olunub.
Kompleksin mərkəzində yerləşən fəvvarə isə ayrıca simvolik məna daşıyır. Dron görüntülərində fəvvarənin mərkəzində Azərbaycanın xəritəsinin forması aydın görünür.
Məlumata görə, bu nəhəng kompleksin tikintisinə Türkiyədən mühəndislər və ixtisaslı işçilər cəlb olunub, layihəyə milyonlarla manat vəsait xərclənib.
Maliyyə mənbəyi istintaq fonunda sual doğurur
Bu qədər böyük maliyyə resursunun mənbəyi isə hazırkı istintaq fonunda əsas müzakirə mövzularından biridir. Ruslan Eyyubov “NB” Şirkətlər Qrupunun rəhbəri kimi ölkənin kimya sənayesi sektorunda ciddi paya malik iş adamı sayılır.
Onun şirkətləri:
mərmər və bahalı daşlar,
qranit,
boyalar,
sənaye materiallarının istehsalı və nəzarəti
ilə məşğuldur. Qeyd olunur ki, cəmi iki gün öncə Gəncə şəhərində iri zavod açılışı da həyata keçirilib.
“Liman işi” daha geniş mexanizmi üzə çıxara bilər
Diqqətçəkən məqamlardan biri də Ruslan Eyyubovun general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlu olmasıdır. İstintaq materialları göstərir ki, “Liman işi” artıq yalnız aksizsiz tütün qaçaqmalçılığı ilə məhdudlaşmır.
Burada:
liman,
gömrük,
sərhəd,
biznes strukturları
arasında geniş və sistemli mexanizmin mövcudluğu ehtimalı ortaya çıxır.
Ruslan Eyyubovun Xəzər dənizi sahilində yerləşən 15 hektarlıq ərazisi isə bu mexanizmin hələ tam açılmamış hissəsi kimi qiymətləndirilir.
Baş Prokurorluq bildirir ki, istintaq-əməliyyat tədbirləri davam etdirilir və ictimaiyyətə əlavə məlumat veriləcək.

Müsavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir