Mingəçevirdə məktəblilər üçün növbəti maarifləndirici tədbirlər keçirilib
Mingəçevir şəhərində yerləşən ümumtəhsil məktəblərində və Turizm Kollecində şagird və tələbələrin iştirakı ilə növbəti maarifləndirici tədbirlər təşkil olunub.
Tədbirlər narkomaniyaya qarşı mübarizə, internet resurslarından düzgün və təhlükəsiz istifadə qaydaları, eləcə də zərərli vərdişlərin fəsadları mövzusuna həsr edilib.
Profilaktik görüşlər Mingəçevir Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə keçirilib.
Tədbirlərin əsas məqsədi gənc nəslin sağlam düşüncəli, məsuliyyətli və hüquqi cəhətdən maarifli formalaşmasına töhfə vermək, onları cəmiyyət üçün təhlükə yaradan hallardan qorumaq olub.
Görüşlərdə çıxış edən Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev və polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin cəmiyyət üçün yaratdığı ciddi təhlükələrdən ətraflı danışıblar. Bildirilib ki, narkomaniya təkcə fərdin deyil, bütövlükdə ailələrin və cəmiyyətin gələcəyini məhv edən ağır sosial bəladır.
Çıxışlar zamanı narkomaniyanın yaratdığı psixoloji, fiziki və sosial fəsadlar xüsusi vurğulanıb, bu istiqamətdə dövlət tərəfindən aparılan profilaktik və əməliyyat-axtarış tədbirləri barədə şagirdlərə geniş məlumat verilib. Həmçinin narkotik vasitələrlə bağlı qanunvericilik, bu əməllərə görə nəzərdə tutulan hüquqi məsuliyyət tədbirləri diqqətə çatdırılıb.
Polis əməkdaşları sağlam həyat tərzinin təşviqinin vacibliyini önə çəkərək, gəncləri zərərli vərdişlərdən uzaq durmağa, idmanla məşğul olmağa, asudə vaxtlarını səmərəli keçirməyə çağırıblar. Qeyd olunub ki, sağlam düşüncə və düzgün seçim gənclərin gələcək həyatında həlledici rol oynayır.
Tədbir zamanı kiber məkanda mövcud olan təhlükələrə də xüsusi yer ayrılıb. Şagirdlərə internet üzərindən törədilən dələduzluq halları, ən çox rast gəlinən üsullar, sosial şəbəkələrdə və onlayn platformalarda şəxsi məlumatların qorunması qaydaları ətraflı izah edilib.
Eyni zamanda, hüquq-mühafizə orqanları tərəfindən kiber cinayətkarlığa qarşı həyata keçirilən mübarizə tədbirləri barədə məlumat verilib, şagirdlərə şübhəli hallarla rastlaşdıqda dərhal aidiyyəti qurumlara müraciət etməyin vacibliyi bildirilib.
Maarifləndirici görüşlər “Sağlam Gələcək Naminə Narkomaniyaya Yox Deyək!” devizi altında keçirilib. Tədbirlər interaktiv şəkildə təşkil olunaraq, şagirdlərin sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd bəşəriyyətin ən ağrılı problemlərindən biri olan, cəmiyyət üçün ciddi təhlükə mənbəyinə çevrilən narkomaniya ilə mübarizədə gənclərin rolunu artırmaq, onları bu təhlükədən qorumaq və sağlam gələcəyin formalaşmasına töhfə verməkdir.