Tədqiqatçılar Böyük Britaniyanın UK Biobank məlumat bazasında iştirak edən 152 435 nəfərin və ABŞ-ın NHANES araşdırmasında yer alan 12 418 nəfərin məlumatlarını təhlil ediblər.
Araşdırma zamanı menopauzadan sonrakı qadınların orta hesabla menopauzaya qədər olan qadınlarla müqayisədə daha az fiziki aktiv olduqları müəyyən edilib.
Alimlər bu əlaqənin mümkün səbəblərini araşdırmaq üçün siçanlar üzərində də təcrübələr aparıblar. Nəticələr daha yüksək fiziki aktivliyin yumurtalıqlarda yaşla bağlı dəyişiklikləri ləngidə biləcəyini göstərib.
Tədqiqatçılar fiziki fəaliyyətin maddələr mübadiləsinin tənzimlənməsində iştirak edən adiponektin hormonunun səviyyəsini artırdığını müəyyən ediblər. Bu maddənin çatışmazlığı olan siçanlarda fiziki aktivliyin qoruyucu təsiri xeyli zəif olub.
Alimlər, həmçinin adiponektin reseptorlarını aktivləşdirən AdipoRon maddəsini sınaqdan keçiriblər. Təcrübələr zamanı bu maddənin yumurtalıqların qocalmasını ləngitdiyi və siçanlarda reproduktiv dövrü uzatdığı müşahidə edilib.
Tədqiqat müəlliflərinin fikrincə, əldə olunan nəticələr fiziki aktivliyin qadınlarda reproduktiv sistemin yaşlanmasına necə təsir göstərə biləcəyini izah etməyə kömək edir. Gələcəkdə bu mexanizm qadınların reproduktiv sağlamlığının qorunmasına yönəlmiş yeni müalicə üsullarının hazırlanması üçün əsas ola bilər.
Qeyd edək ki, nəticələr hələlik heyvanlar üzərində aparılan təcrübələrə əsaslanır. AdipoRon maddəsinin insanlarda eyni təsiri göstərdiyini təsdiqləmək üçün əlavə tədqiqatlara ehtiyac var.
