Ali Məhkəmədə külli miqdarda dələduzluqda ittiham olunan Nərgiz Soltanovanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Ölkə.az xəbər verir ki, hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, kassasiya şikayəti edilməyib. İttihama görə, Nərgiz Soltanova taksi sürücüsü vasitəsilə tanış olduğu Nigar adlı qadından “kəfən dönməsi” ritualı etmək adı ilə pul alıb. Belə ki, Nigar adlı xanıma öləcəyi barədə cadu edildiyini deyib və bu cadunu pozacağını bildirib. Bu vədlərlə ondan 21 min manat pul alıb.

İkinci ittihama görə isə Nərgiz Soltanova Viktoriya adlı qadından 53 min manat pul alıb. Bu məbləğin qarşılığında isə onun və ailə üzvlərinin müharibə təhlükəsindən qorunmaları üçün rituallar edəcəyini deyib. Həmin məbləği hissə-hissə olmaqla öz kartına köçürülməsinə nail olub, bir hissəsini isə nağd şəkildə Bakıda alıb.

Nərgiz Soltanova ifadəsində özünü təqsirli bilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Nərgiz Soltanovanın barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib. O, məhkəmə zalından həbs olunub.