Bu barədə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun revmatoloqu Ellada Qafarova danışıb.
Onun sözlərinə görə, müəyyən olunub ki, periferik endokrin vəzilərin – qalxanvari, cinsi, böyrəküstü vəzilərin fəaliyyətinin pozulması bu xəstəliyin gedişinə öz təsirini göstərir:
“Revmatoid artrit patogenezində əsas yeri limfositlərə mənsub olan immun dəyişikliklər təşkil edir. Naməlum etioloji amilin oynaqların sinovial qişasını zədələməsi nəticəsində synovial mühitə damarlardan T və B limfositlərin axını güclənir və onların arasında disbalans baş verir. Qanda revmatoid faktor kimi autoanticismlərin yüksək konsentrasiyası, bir çox hallarda immun kompleksin nəzərə çarpacaq dərəcədə miqdarının artması, limfositlərin aktivləşməsi aşkar edilir.
Revmatoid artrit zamanı baş verən immun-iltihabi proses, xroniki persistəedici, residiv verən xarakter daşıyır və əsasını immunoloji homeostazın dərin kəmiyyət və keyfiyyət dəyişiklikləri təşkil edir. Revmatoid sinovit oynaq qığırdağında, sümük toxumasında, damarlarda və daxili orqanlarda iltihabi və destruktiv proseslərin başlanğıc mərhələsi hesab olunur”.
E.Qafarova bildirib ki, müasir revmatologiya revmatoid artritin kompleks mərhələli müalicəsi üçün effektiv üsullar işləyib hazırlayıb:
“Xəstəliyin müalicəsində sanator-kurort müalicəsinə və xüsusən təbii faktorların tətbiqinə üstünlük verilməsi təqdirəlayiqdir.
Revmatoid artritin müalicəsində xəstəliyin tsiklik xarakterli gedişi, müxtəlif aktivlik, orqan və sistemlərin zədələnmə dərəcəsini nəzərə alaraq, bu vasitələrin tətbiqi zamanı ciddi diferensial yanaşma tələb olunur. Belə ki, fizioterapevtik müalicələrdən ultrasəs, maqnitoterapiya, krioterapiya və balneoterapiya təyin olunur. Bu xəstəliyin kompleks müalicəsində təbii balneoloji faktorlardan naftalan, radon və müxtəlif hidrogen-sulfidli vannaların tətbiqinə geniş yer verilir. Qeyd olunan faktorlardan hidrogen-sulfidli vannalarla müalicə öz effektivliyinə görə xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycanda əsasən çökmə süxurlarından çıxan və neftlə paragenetik münasibətdə olan müxtəlif kükürdlü su mənbələri mövcuddur. Abşeron yarımadası, Lənkəran-Masallı, Quba-Şabran və Qax-Şəki zonalarında hidrogen-sulfidli sulara rast gəlinir. Hidrogen-sulfidli vannalar xəstələrə fiziki, kimyəvi və bioloji olmaqla kompleks şəkildə təsir göstərir. Bu təsirlər içərisində kimyəvi təsir daha əhəmiyyətli hesab olunur. Vanna qəbulu zamanı əsas təsiredici amil sərbəst hidrogen-sulfid qazıdır”.
