Mingəçevirdə 600-dən yüksək bal toplayan məzunlarla görüş keçirilib
Mingəçevirdə 2026-cı ildə ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlarla görüş keçirilib.

Sentyabrın 8-də keçirilən tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, ümumtəhsil məktəblərinin müəllimləri, yüksək nəticə göstərən məzunlar, onların valideynləri, ictimaiyyət nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Görüşdə çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov yüksək bal toplayaraq ali məktəblərə qəbul olan məzunları, onların valideynlərini və müəllimlərini təbrik edib. Şəhər rəhbəri əldə olunan nəticələrin Mingəçevir təhsilinin inkişafının mühüm göstəricilərindən biri olduğunu bildirib.

Qeyd olunub ki, 2025–2026-cı tədris ilində Mingəçevir şəhəri üzrə XI sinfi 1455 nəfər bitirib. Onlardan 715 nəfəri ali məktəblərə qəbul olub. Qəbul olunan məzunlardan 38 nəfəri 600-dən yüksək bal toplayıb.
Mingəçevir üçün xüsusi sevindirici məqamlardan biri isə məzunlardan birinin 700 bal toplayaraq Respublika üzrə ən yüksək nəticələrdən birinə imza atmasıdır.

Şəhərin ayrı-ayrı təhsil müəssisələrinin göstəriciləri də diqqət çəkib. 4 nömrəli tam orta məktəbin və Texniki və Humanitar fənlər liseyinin bir sinfinin, Təbiət-riyaziyyat və Humanitar Fənlər Təmayüllü Liseyinin isə iki sinfinin bütün şagirdləri ali məktəblərə qəbul olaraq 100 faizlik nəticə göstəriblər.

İlham İsmayılov çıxışında bu uğurların arxasında şagirdlərin əzmkarlığı ilə yanaşı, müəllimlərin peşəkarlığının və valideynlərin dəstəyinin dayandığını bildirib. O, Mingəçevir təhsilində əldə olunan nəticələrin növbəti illərdə daha yüksək göstəricilərlə davam etdiriləcəyinə əminliyini ifadə edib.

Tədbirdə məzunların yüksək nəticələrinin qiymətləndirilməsi və onların sevindirilməsi də diqqətdən kənarda qalmayıb.
Xüsusi olaraq qeyd edək ki, görüşdə məzunlara təqdim olunan hədiyyələrin alınması və təşkil olunmasında Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Mingəçevir şəhər təşkilatı tərəfindən dəstək göstərilib. Təşkilatın sədri Həqiqət Şahmuradovanın tədbirdə iştirakı ilə yanaşı, yüksək nəticə göstərən məzunlara təqdim edilən hədiyyələrin məhz Həmkarlar İttifaqının Mingəçevir şəhər təşkilatı tərəfindən alındığı vurğulanıb.

Bu addım yüksək nəticə göstərən gənclərə göstərilən diqqətin və onların uğurlarının stimullaşdırılmasına verilən dəstəyin nümunəsi kimi qiymətləndirilib. Həmçinin belə təşəbbüslərin şagirdlərin təhsilə marağının və motivasiyasının artırılmasına müsbət təsir göstərəcəyi qeyd olunub.

Tədbirdə gənclərin Azərbaycanın gələcəyində oynadığı mühüm roldan da danışılıb. Bildirilib ki, Azərbaycan gəncləri elm və təhsillə yanaşı, müxtəlif sahələrdə fəallıqları ilə seçilir, ölkənin inkişafına və cəmiyyətin tərəqqisinə öz töhfələrini verirlər.

Sonda yüksək nəticə göstərərək ali məktəblərə qəbul olan məzunlara gələcək təhsil həyatlarında uğurlar arzulanıb, onların qazandıqları nailiyyətlərin digər şagirdlər üçün də nümunə olacağı bildirilib.





Esmira Hidayətova, Mingəçevir
