Təyyarədə edilən uğursuz zarafat başına bəla oldu

1788458180_8452eab444868ad24499a06d8959b9b3

Almatıdan Aktauya uçan təyyarənin ahıl yaşlı kişi sərnişinin etdiyi zarafat başına bəla olub.

Sərnişin ağır çantanı baqaj rəfinə qaldırmaqda çətinlik çəkən təyyarə bələdçisinə kömək etmək qərarına gəlib. Lakin o, çantanı qaldırarkən ağır yük haqqında uyğunsuz zarafat edərək içində partlayıcı maddə ola biləcəyini deyib.

“Bu çantadakı qurğuşundur, yoxsa bomba?” – deyə soruşub.

Bu sual isə dərhal təhlükəsizlik tədbirlərinin yenidən işə düşməsinə səbəb olub.

“FlyArystan” aviaşirkəti dərhal Nəqliyyatda Polis Departamentinə müraciət edib. Sərnişin reysdən çıxarılıb, çanta isə yoxlanılıb.

Nəqliyyatda Polis Departamentinin məlumatında deyilir: “Yoxlama zamanı qadağan olunmuş əşyalar və ya partlayıcı maddələr təsbit edilməyib. Təxliyə həyata keçirilməyib, hava limanı öz işini ştat rejimində davam etdirib. Qanunsuz hərəkətə yol verən şəxs xırda xuliqanlıq maddəsi üzrə məsuliyyətə cəlb olunub. Toplanmış materiallar müvafiq qərarın qəbul edilməsi üçün məhkəməyə göndəriləcək”.

Qazaxıstan hüquq-mühafizə orqanları vətəndaşları cinayət məsuliyyəti yarada biləcək bu cür zarafatlardan çəkinməyə çağırıb.