Bəs bu qədər abituriyentin ilk turda müsabiqədən kənarda qalmasının əsas səbəbləri nələrdir? Ali məktəblərə qəbulda rəqabətin artmasına hansı amillər təsir edib? Hansı ixtisaslar bu il daha çox seçilib və ən yüksək rəqabət hansı qruplarda formalaşıb?
Mövzu ilə bağlı fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Musavat.com-a danışıb. İlqar Orucov bildirib ki, yaranmış vəziyyət həm abituriyentlərin ixtisas seçimi zamanı yol verdikləri strateji səhvlərlə, həm də ali təhsil sistemindəki struktur dəyişiklikləri ilə bağlıdır:
“Dövlət İmtahan Mərkəzinin rəsmi statistikasına əsasən, bu il ali təhsil müəssisələrinə ixtisas seçimi edən 87 139 namizədin ölkə üzrə mövcud olan cəmi 61 516 plan yerinə iddia etməsi, təxminən 29 000-dən çox gəncin ilk mərhələdə müsabiqədən kənarda qalacağını qaçılmaz edir. Bu kütləvi uyğunsuzluq həm namizədlərin subyektiv seçim meyarlarından, həm də makro-təhsil sistemindəki struktur dəyişikliklərindən qaynaqlanır.
Müsabiqədən kənarda qalmağın bir neçə fundamental səbəbi mövcuddur. İlk növbədə, seçim zamanı strateji planlamanın düzgün qurulmaması və ixtisas kodlaşdırılmasında ifrat iddialılığa yer verilməsi əsas amil kimi çıxış edir. Abituriyentlərin ən çox etdikləri xəta həm də fərdi imtahan reytinqlərini, yəni respublika üzrə yerləşmələrini düzgün təhlil etməmələridir. 15 ixtisas kodunun hamısını yalnız öz reytinqlərindən kəskin şəkildə yuxarı olan dövlət sifarişli və yüksək keçid ballı yerlərlə tamamlayan namizədlər, faktiki olaraq özlərini müsabiqə kənarlaşdırırlar. İkinci səbəb subbakalavrların kütləvi inteqrasiyasının yaratdığı demoqrafik təzyiqdir. Kollec məzunlarının imtahansız və ya alternativ meyarlarla birbaşa müsabiqəyə daxil olması plan yerlərinin dolma faizini maksimuma çatdırır və bu differensiasiya xüsusilə 200–300 bal diapazonundakı abituriyentlərin qəbul şansını kəskin şəkildə məhdudlaşdırır”.
İlqar Orucovun fikrincə, orta və yüksək bal zonalarında yaranan sıxlıq da keçid ballarının yüksəlməsinə səbəb olan amillərdəndir:
“Repetitorluq institutunun kütləviləşməsi və alternativ hazırlıq resurslarının əlçatanlığı nəticəsində imtahan nəticələrinin keyfiyyət göstəriciləri yüksəlmişdir. Bu amil keçid ballarının proqnozlaşdırılandan daha yuxarı qalxmasına və eyni bal profilinə malik minlərlə namizədin daxili rəqabət gərginliyenə gətirib çıxarır. Həmçinin, orta məktəb məzunlarının sayındakı təbii artım abituriyent axınını gücləndirmişdir. Eyni zamanda, iqtisadi amillər fonunda ödənişli təhsildən yayınma meyli dövlət sifarişli yerlərin sosial cəlbediciliyini kulminasiya nöqtəsinə çatdırmışdır.
Müşahidə və təhlillər göstərir ki, ekstremal rəqabət gərginliyi təhsil profilləri üzrə bərabər paylanmamış, spesifik istiqamətlərdə konsentrasiya olunmuşdur. Birinci qrup müasir əmək bazarının tələbləri fonunda ən çox müraciət olunan sahədir və ilkin proqnozlara görə, bu qrupda 8 774 nəfər yerləşə bilməyəcəkdir. Üçüncü qrupda isə sosial elmlərə və pedaqogiyaya olan ənənəvi maraq, eləcə də dövlət sifarişli yerlərin məhdudluğu səbəbindən reytinqlər pik həddədir. Məhz bu səbəbdən üçüncü qrupda 8 026 namizədin ilk turda kənarda qalacağı ehtimal edilir. Beşinci qrup isə xüsusilə subbakalavr sıxlığının və praktiki qabiliyyət imtahanı fərqlərinin daha çox hiss olunduğu ən riskli funksional zona hesab olunur”.
İlqar Orucovun sözlərinə görə, builki ixtisas seçiminin əsas tendensiyalarından biri gənclərin əmək bazarında daha geniş imkanlar vəd edən müasir ixtisaslara yönəlməsidir:
“Cari tədris ilinin seçim meylləri təsdiq edir ki, gənclər artıq klassik ixtisaslardan daha çox birbaşa qlobal əmək bazarına inteqrasiya edən sahələrə üstünlük verirlər. Ən çox rəqabət aparılan və keçid ballarında rekord artım gözlənilən istiqamətlər sırasına informasiya təhlükəsizliyi, proqram təminatı mühəndisliyi, psixologiya, hüquqşünaslıq, dizayn və rəqəmsal media sahələri daxildir.
İlk mərhələdə uğursuzluqla üzləşəcək təxminən 29 min gənc üçün təhsil trayektoriyası qapanmış hesab olunmur. Yaranmış böhranı kompensasiya etmək üçün növbəti addımların tamamilə rasional müstəvidə atılması zəruridir. Birinci turun nəticələri elan olunduqdan dərhal sonra boş qalan plan yerləri və qəbul dinamikası diqqətlə izlənilməli və təhlil olunmalıdır. İkinci turda namizədlər subyektiv iddialarını real konyunkturaya uyğunlaşdırmalı, regional universitetləri və ya ödənişli alternativləri mütləq şəkildə seçim siyahısına daxil etməlidirlər. Kolleclərə qəbul fəaliyyəti isə submaksimal uğursuzluq kimi deyil, gələcəkdə subbakalavr statusu ilə ali təhsilə imtahansız keçid hüququ qazandıran effektiv bir keçid platforması kimi qiymətləndirilməlidir”.
Ekspert eyni zamanda qəbul ola bilməyən gəncləri xaricdə təhsil vədləri ilə çıxış edən vasitəçilərə qarşı diqqətli olmağa çağırıb. O bildirib ki, psixoloji gərginlik yaşayan abituriyentlər “imtahansız, yalnız attestatla xaricdə təhsil” kimi vədlərə aldanmamalıdırlar:
“Gələcəkdə diplomların tanınmaması riskini öncədən elmi-hüquqi cəhətdən araşdırmaq və akkreditasiyası olmayan xarici universitetlərdən uzaq durmaq strateji əhəmiyyət kəsb edir”.
