Mingəçevirdə gərgin iclas: İcra başçısı Su Kanalı rəhbərliyini sərt tənqid etdi – “Şəhərdə dağıtmadığınız küçə qalmayıb!”
Mingəçevir Şəhər İcra Hakimiyyətində cari ilin birinci yarımilliyinin yekunlarına həsr olunan iclasda gərgin anlar yaşanıb. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Mingəçevir Su Kanal İdarəsinin fəaliyyətini kəskin tənqid edərək idarə rəhbərliyinə sərt iradlar bildirib.
İcra başçısı xüsusilə yaşıllıq sahələrinə verilən suyun əvvəlcədən xəbərdarlıq edilmədən kəsilməsini qəbuledilməz adlandırıb. O, Su Kanalı İdarəsinin bu addımının şəhərin yaşıllıq təsərrüfatına ciddi zərbə vurduğunu vurğulayıb.
“O su xətlərini kim çəkib ora? Sizin xəttə kim müdaxilə edib ki, indi gəlib onları aşkarlayır, xəbərdarlıqsız kəsir, üstəlik cərimə də yazırsınız? Sayğacı qoyun, pulunu ödəyək. Yaşıllığı mən batıra bilmərəm. Həm suyu kəsirsiniz, həm də bunu sosial mediada nümayiş etdirirsiniz”, – deyə İlham İsmayılov bildirib.
İcra başçısının ən sərt iradı isə şəhərdə aparılan qazıntı işləri ilə bağlı olub. O, Su Kanalı İdarəsinin küçələri qazdıqdan sonra əvvəlki vəziyyətə qayarmadığını bildirərək kəskin ifadələr işlədib:
“Şəhərdə dağıtmadığınız küçə qalmayıb. Bir küçənin asfaltına görə sizin idarəni məhkəməyə verəcəyik. Oradan alınan vəsaiti ilboyu yaşıllığın suvarılmasına sərf edəcəyik.”
İclas zamanı səsləndirilən bu fikirlər Mingəçevir Su Kanalı İdarəsinin fəaliyyəti ilə bağlı narazılığın rəsmi səviyyədə açıq şəkildə ifadə olunması kimi qiymətləndirilir. Şəhər rəhbərliyi yaşıllıq sahələrinin qorunmasının və qazıntı işlərindən sonra yolların vaxtında bərpasının təmin edilməsini tələb edib.
