2026-cı il iyunun 17-də Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının 2025/2026-cı tədris ilinin yaz semestri üzrə növbəti iclası keçirilib. Yaz imtahan sessiyasının davam etdiyi dövrdə təşkil olunan iclasda Elmi Şuranın üzvləri və universitetin struktur bölmələrinin rəhbərləri iştirak ediblər. İclası açan rektor Anar Eminov gündəlikdə duran məsələlərin universitetin inkişafı, tədris keyfiyyətinin yüksəldilməsi və idarəetmənin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Rektor çıxışında yaz imtahan sessiyasının şəffaflıq, obyektivlik və yüksək təşkilati məsuliyyət prinsipləri əsasında keçirilməsinin vacibliyini qeyd edib. Akademik proseslərin keyfiyyətli təşkili və tələbə məmnuniyyətinin təmin olunmasının əsas prioritetlərdən biri olduğu diqqətə çatdırılıb.

İclasda ilk olaraq İqtisadiyyat və idarəetmə fakültəsinin fəaliyyəti barədə hesabat dinlənilib. Fakültədə tədrisin keyfiyyəti, elmi fəaliyyətin təşkili, tələbələrlə aparılan işlər və akademik nəticələr müzakirə olunub, tədris prosesinin daha da təkmilləşdirilməsi və tələbəyönümlü yanaşmanın gücləndirilməsi istiqamətində tapşırıqlar verilib.

Daha sonra universitetdə daxili nizam-intizam qaydalarına riayət olunması vəziyyəti müzakirə edilib. Əmək intizamının, akademik və inzibati etik normaların qorunmasının institusional idarəetmənin əsas tərkib hissəsi olduğu vurğulanıb və nəzarət mexanizmlərinin gücləndirilməsi qərara alınıb.

Elmi Şuranın əvvəlki qərarlarının icra vəziyyəti barədə məlumat təqdim olunub. Qərarların vaxtında və keyfiyyətlə yerinə yetirilməsinin universitetdə hesabatlılıq və nəticəyönümlü idarəetmə mədəniyyətinin formalaşmasına xidmət etdiyi bildirilib.

İclasda keyfiyyət təminatı və davamlı inkişaf istiqamətində görülən işlər, eləcə də “MDU-2030 İnkişaf Strategiyası”nın icra vəziyyəti müzakirə olunub. Daxili keyfiyyət təminatı mexanizmlərinin təkmilləşdirilməsi, strateji hədəflər üzrə fəaliyyətlərin monitorinqi və nəticələrin qiymətləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Tələbələrin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verilib. Milli-mənəvi dəyərlərin təbliği, vətəndaşlıq məsuliyyətinin artırılması və sosial fəallığın gücləndirilməsi məqsədilə təşkil olunan layihələrin davamlı şəkildə həyata keçirilməsinin vacibliyi qeyd edilib.

Cari məsələlər çərçivəsində universitet əməkdaşlarının yubileyləri münasibətilə mükafatlandırılması haqqında qərar qəbul olunub. Energetika kafedrasının müəllimi Əbülfət Ədilovun 75, Mühəndislik fakültəsinin operator-kargüzarı Şəfəq Məmmədovanın isə 60 illik yubileyi münasibətilə təltif olunmaları qərara alınıb.

İclasda Ömürboyu Təhsil Məktəbi, Rəqəmsal İnkişaf və İnformasiya Texnologiyaları Mərkəzi, eləcə də Dayanıqlı Enerji, Tullantı və Karbon İdarəetmə Mərkəzinin əsasnamələri müzakirə edilərək təsdiqlənib. Bildirilib ki, bu strukturlar universitetdə rəqəmsallaşma, əlavə təhsil imkanlarının genişləndirilməsi və ekoloji davamlılıq sahələrində mühüm rol oynayacaq.

Sonda bir sıra maliyyə, beynəlxalq əməkdaşlıq və təhsil proqramlarının təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul olunub. Rektor Anar Eminov bütün struktur bölmələrə imtahanların şəffaf keçirilməsi, qəbul edilən qərarların vaxtında icrası və universitetin strateji hədəfləri istiqamətində fəaliyyətin gücləndirilməsi ilə bağlı tapşırıqlar verib.

Esmira Hidayətova, Mingəçevir
