Tərtər rayon Avtovağzalının direktoru İlqar Abbasov sosial şəbəkələr vasitəsilə ölkə başçısına açıq müraciət edərək ciddi iddialar səsləndirib. O, müraciətində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi”nin (AYNA) rəhbərliyi tərəfindən davamlı şəkildə təzyiqlərə məruz qaldığını, işinə süni əngəllər yaradıldığını bildirib.
İlqar Abbasovun sözlərinə görə, AYNA rəhbərliyində təmsil olunan şəxslər ondan rüşvət tələb edib, bu tələbi qəbul etmədiyi üçün isə normal fəaliyyət göstərməsinə imkan verilməyib. Direktor iddia edir ki, bu cür qanunsuz tələblər səbəbindən avtovağzalın fəaliyyəti iflic vəziyyətinə salınıb, onun işgüzar nüfuzuna xələl gətirilib.
Məsələ ilə bağlı daha ətraflı məlumatı İlqar Abbasovun Xeberler.info-ya verdiyi video müraciətdə izləmək mümkündür. Video müraciətdə o, üzləşdiyi təzyiqləri konkret faktlarla izah edir və dövlət başçısından məsələyə müdaxilə olunmasını xahiş edir.
Qeyd edək ki, dövlət qurumlarında rüşvət və korrupsiya iddiaları cəmiyyət üçün olduqca həssas məsələdir. Bu cür müraciətlərin artması isə məsul qurumların şəffaflıq və hesabatlılıq məsələlərində ciddi problemlərin mövcudluğundan xəbər verə bilər.
İctimaiyyət AYNA rəhbərliyinin bu iddialara rəsmi münasibət bildirməsini, müvafiq nəzarət və hüquq-mühafizə orqanlarının isə məsələyə obyektiv hüquqi qiymət verməsini gözləyir.

Məsələni diqqətdə saxlayacağıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir