Mingəçevir şəhərinin təhsil sahəsindəki uğurlarından danışarkən ilk yada düşən təhsil ocaqlarından biri də Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyidir. Hər il rekord nəticələri ilə seçilən lisey 2025–2026-cı tədris ilində də öz ənənəsinə sadiq qalaraq növbəti uğurlara imza atıb.

“İkinci olmağı sevmirəm” – bu ifadə liseyin direktoru Aidə İsmayılovanın təhsilə və uğura yanaşmasını ən yaxşı şəkildə əks etdirən məşhur fikridir. O, müxtəlif çıxış və müsahibələrində daim birinciliyə can atdığını, əldə edilən hər uğurun arxasında isə böyük zəhmət və məsuliyyət dayandığını vurğulayıb. Bu tədris ilinin nəticələri də həmin prinsipin öz bəhrəsini verdiyini göstərir.

2025–2026-cı tədris ilində liseyin 66 nəfər XI sinif məzunu təhsilini başa vurub. XI sinif üzrə keçirilən buraxılış imtahanlarında 28 şagird 200-dən yuxarı bal toplayaraq yüksək nəticə göstərib. Onlardan Məcidli Burlaxatun Bəhruz qızı maksimum 300 bal toplayaraq Mingəçevir şəhəri üzrə birinci olub və ilin ən parlaq nailiyyətlərindən birinə imza atıb.

Bundan əlavə, IX sinif üzrə keçirilən buraxılış imtahanlarında da 25 şagird 200-dən yuxarı nəticə əldə edərək liseyin yüksək akademik göstəricilərini bir daha təsdiqləyib.

Lisey yalnız akademik göstəricilərlə deyil, eyni zamanda innovativ layihələr və müsabiqələrdə qazandığı uğurlarla da fərqlənib. Şagirdlər STEAM Azərbaycan layihəsi çərçivəsində keçirilən müxtəlif tədbirlərdə yüksək nəticələr əldə edib, eləcə də “VEX Respublika Çempionu” adına layiq görülüblər. Respublika səviyyəli olimpiada və müxtəlif müsabiqələrdə də lisey şagirdləri uğurla iştirak edərək məktəbin adını zirvələrdə saxlayıblar.

Əldə olunan bütün bu uğurlar lisey rəhbərliyinin, müəllim kollektivinin, şagirdlərin və valideynlərin birgə əməyinin nəticəsidir. İnanırıq ki, Mingəçevir Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyi qarşıdakı illərdə də öz lider mövqeyini qoruyacaq və yeni uğurlara imza atacaq.

Şagirdlərimizi, onların valideynlərini və zəhməti olan bütün müəllimləri ürəkdən təbrik edir, gələcək fəaliyyətlərində daha böyük nailiyyətlər arzulayırıq.

Esmira Hidayətova, Mingəçevir