“iPhone 5c” modeli, “Apple”ın ən mübahisəli və bir çoxlarının fikrincə “uğursuz” eksperimentlərindən biri kimi tanınsa da, gözlənilmədən ikinci həyat qazanıb. Bu dəfə səbəb onun vaxtından qabaq olması deyil, retro və rəqəmsal nostalgiya trendidir.
Bu barədə “Digital Trends” yazır.
Əsas səbəb ondan ibarətdir ki, gənc istifadəçilər getdikcə retro texnologiyaya və “mükəmməl olmayan” estetikaya üstünlük verirlər. Parlaq plastik korpuslu “iPhone 5c”, sadə kamerası və “kobud” görünüşü indi qüsur kimi yox, xüsusi üslub kimi qəbul olunur.
Xüsusilə kamera effekti diqqət çəkir. İstifadəçilər sosial şəbəkələrdə bu cihazla çəkilmiş foto və videoları paylaşır, burada “taxıllı” (grainy) görüntü effekti müasir iPhone-ların yüksək dəqiqlikli görüntülərindən fərqlənir. Bir vaxtlar keyfiyyət problemi sayılan bu xüsusiyyət indi xarakter kimi qiymətləndirilir.
Qeyd olunur ki, “iPhone 5c” 2013-cü ildə təqdim edildikdə “Apple”ın gözləntilərini tam doğrultmamışdı. O, flaqman modellərə daha ucuz alternativ kimi təqdim edilsə də, qiyməti gözlənildiyi qədər aşağı olmadı və Touch ID-nin olmaması, plastik korpus kimi faktorlar tənqid edilmişdi.
Psixoloq Kley Routlidkin fikrinə görə, bu trend daha geniş mədəni dəyişimi əks etdirir: gənc nəsil daha az “yüklənmiş”, daha sadə və daha az optimallaşdırılmış cihazlara maraq göstərir.
Eyni zamanda qeyd olunur ki, 2026-cı ilin əvvəlində “Apple” orijinal “iPhone SE” modelini “köhnəlmiş məhsullar” siyahısına daxil edib. Cihaz 2016-cı ildə satışa çıxmışdı, lakin indi rəsmi olaraq köhnəlmiş hesab olunur.
Bundan əlavə, sosial şəbəkələrdə 2016-cı illərə aid nostalji dalğası da müşahidə olunur: istifadəçilər köhnə foto və videoları yenidən paylaşır, o dövrün vizual üslubuna qayıdırlar.
Eyni zamanda “Z nəsli” Spotify kimi musiqi platformaları əvəzinə köhnə MP3 pleyerlərə maraq göstərməyə başlayıb. Bu cihazlar reklamsızlıq və sabit səs keyfiyyətinə görə üstün tutulur.
