Əmək insanı yalnız dolandırmır – onu ucaldır, formalaşdırır və cəmiyyət içində layiqli yer qazandırır. İnsan varlığını ali edən ən mühüm amillərdən biri məhz zəhmətdir. Tarixin ən qədim dövrlərindən bu günə qədər nəzər salsaq, görərik ki, bəşəriyyət bütün nailiyyətlərini məhz əməyi sayəsində əldə edib.
İnsana hər hansı iş əvvəl çətin görünə bilər. Lakin o işə başladıqdan sonra zəhmətin gücünü və nəticəsini görür. Əmək insanı möhkəmləndirir, ona özünəinam verir və ən əsası, onu heç kimə möhtac qoymur. Belə insanlar isə cəmiyyətdə hər zaman hörmət və ehtiram qazanırlar.

Məhz belə hörmətə layiq, zəhməti ilə ucalan bir xanımla həmsöhbət olduq.
Söhbət ömrünün 35 ilini ölkənin ən böyük enerji müəssisələrindən biri olan Mingəçevir İstilik Elektrik Stansiyasına həsr edən Qurbanova Şəfiqə İmran qızından gedir. O, uzun illər fasiləsiz çalışaraq həmin müəssisədən əmək təqaüdünə yollanıb.
Şəfiqə Qurbanova 1954-cü ildə Gədəbəy rayonunun Daryurd kəndində ziyalı ailəsində dünyaya göz açıb. Orta təhsilini başa vurduqdan sonra Mingəçevir Politexnik Texnikumunun energetika fakültəsində təhsil alıb. Daha sonra taleyini Mingəçevir şəhəri ilə bağlayaraq əmək fəaliyyətinə başlayıb.
1981-ci ildən etibarən ixtisası üzrə fəaliyyət göstərən Şəfiqə xanım təqaüdə çıxana qədər eyni müəssisədə çalışıb. Zəhmətkeşliyi və peşəkarlığı ilə seçilən xanım dəfələrlə müəssisə rəhbərliyi tərəfindən fəxri fərmanlarla təltif olunub. Kollektivdə qazandığı hörmət bu gün də davam edir – o, hələ də həmkarlarının yaddaşında sevilən və nümunə göstərilən insan kimi qalır.
Şəfiqə xanım qeyd edir ki, uzun illər göstərdiyi nümunəvi fəaliyyətə görə yaşadığı mənzil də ona müəssisə tərəfindən təqdim olunub. Bu isə onun əməyinə verilən yüksək dəyərin bariz nümunəsidir.
Təqaüdə çıxdıqdan sonra da fəallığını itirməyən Şəfiqə xanım Mingəçevirdə fəaliyyət göstərən “Yaşa Mərkəzi”nə üzv olub. O, poeziyaya olan böyük sevgisini də gizlətmir və boş vaxtlarını şeir oxumaqla, yazmaqla keçirir.
Ömrünün 50 ildən çoxunu Mingəçevir şəhərinə bağlayan bu zəhmətkeş xanım bildirir ki, şəhər gündən-günə gözəlləşir. Yaşadığı evin eyvanından illərlə çalışdığı stansiyanı görmək isə onu tez-tez xatirələrə aparır. O, keçmişə boylanaraq hər kəsə xoş günlər və firavan həyat arzulayır.
Söhbətimizin sonunda Şəfiqə xanım böyük Azərbaycan şairi Nizami Gəncəvinin zəhmət və insan əməyini ucaldan fikirlərini xatırladaraq bir parça şeir səsləndirdi:
İnsan yem dalınca qaçmasın gərək,
Quşdan ayıq olsun, zirəkdən-zirək.
Çalış zəhmətinlə xalqının işinə yara,
Geysin əməlinlə dünya zər-xara.
Daha ətraflı video-süjetdə.
Esmira Hidayətova, Mingəçevir
