Yuxululuq, halsızlıq, diqqət azalması: “Payız yorğunluğu”nun gizli səbəbləri BƏLLİ OLDU

1789223907_1789131151_1

Payızın gəlişi ilə gün işığının azalması və yuxu rejiminin dəyişməsi bir çox insanda halsızlıq, yuxululuq və diqqət azalmasına səbəb ola bilər. Bu vəziyyət çox vaxt “payız yorğunluğu” kimi qiymətləndirilir.

Bəs payız aylarında artan yorğunluq hansı problemlərdən xəbər verə bilər və bunun qarşısını almaq üçün qidalanmada nələrə diqqət edilməlidir?

Lökbatan Tibb Mərkəzinin həkim nevropatoloqu Mehriban Qubadlı Bizim.Media-ya açıqlamasında bildirib ki, davamlı yorğunluğu yalnız “payız yorğunluğu” kimi qəbul etmək düzgün deyil. Həkimin sözlərinə görə, anemiya, dəmir və vitamin B12 çatışmazlığı, hipotireoz, diabet, yuxu apnesi, depressiya və digər səbəblər də araşdırılmalıdır.

Qidalanmaya diqqət etmək vacibdir?

Nevropatoloq qeyd edib ki, yorğunluğun qarşısının alınması və orqanizmin ehtiyac duyduğu qida maddələrinin alınması üçün gündəlik qida rasionunda müxtəlif qida qruplarına yer verilməlidir.
“Zülal mənbəyi kimi yumurta, balıq, toyuq, ət və paxlalılar; dəmir mənbəyi kimi qırmızı ət, qaraciyər, mərcimək və ispanaq; vitamin B12 üçün isə ət, balıq, yumurta və süd məhsulları qəbul edilə bilər. Omega-3 üçün həftədə iki dəfə yağlı balıq yemək, həmçinin bol tərəvəz, meyvə və tam taxıllardan istifadə etmək, kifayət qədər su qəbul etmək faydalıdır. Səhər yeməyini buraxmamaq, çox şirin və yüksək karbohidratlı qidaları azaltmaq da tövsiyə olunur”.

Hansı vitamin və dərmanlar qəbul edilə bilər?

Mehriban Qubadlı istifadə edilə biləcək vasistələrdən də danışıb.

“Payız-qış dövründə vitamin D xüsusilə nəzərə alınmalıdır. Bir çox klinik tövsiyədə böyüklər üçün profilaktik olaraq gündə 400-600 BV (10 mkq) qəbul edilməsi nəzərdən keçirilir. Amma dəmir, B12 və fol turşusunu analizsiz rutin qəbul etmək məsləhət görülmür. Çatışmazlıq varsa, müvafiq dozada müalicə daha doğrudur. B12 çatışmazlığının özü də yorğunluq və əzələ zəifliyi yarada bilər”.

Davamlı yorğunluq zamanı hansı analizlər verilməlidir?

Həkim vurğulayıb ki, yorğunluq davamlıdırsa, ilkin yoxlama zamanı ümumi qan analizi, ferritin, vitamin B12, fol turşusu, 25-OH vitamin D, TSH, sərbəst T4 və T3 müayinələri aparıla bilər.

“Əgər yuxululuq çox güclüdürsə, gündüz yuxuya getmə, xoruldama və ya apnoe, səhər baş ağrısı, çəki dəyişməsi və ya əhval pozğunluğu varsa, səbəb ayrıca araşdırılmalıdır”.