Banqladeş hökuməti Ramazan ayı ərzində enerji böhranı riski ilə əlaqədar ölkə sakinlərinə yanacaq və elektrik enerjisindən istifadənin azaldılması ilə bağlı çağırış edib.
Bu barədə “The Business Standard” nəşri məlumat yayıb.
Məlumata görə, ölkənin Energetika, Mineral Ehtiyatlar və Elektroenergetika Nazirliyi Yaxın Şərqdə baş verən hadisələrin səbəb ola biləcəyi potensial yanacaq böhranı ilə bağlı narahatlıqları nəzərə alaraq, vətəndaşları Ramazan ayı ərzində fərdi avtomobillərdən istifadəni minimuma endirməyə və dekorativ işıqlandırmadan imtina etməyə çağırıb.
Bundan əlavə, hüquq-mühafizə orqanlarına və sahibkarlara dizel yanacağı və benzinin açıq bazarda satışının qarşısının alınması ilə bağlı müvafiq tapşırıqlar verilib.
