Bunu açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Xəzər Ekoloji Sammitində səsləndirdiyi fikirlər də rəsmi Bakının məsələyə yanaşmasının ardıcıl xarakter daşıdığını göstərir.
Deputat bildirib ki, bu məsələdə Azərbaycanın mövqeyi aydındır: “Xəzərin gələcəyi ayrı-ayrı dövlətlərin deyil, bütün Xəzəryanı ölkələrin ortaq məsuliyyətidir. Buna görə də problemin həlli yalnız bəyanatlarla məhdudlaşmamalı, elmi araşdırmalara, koordinasiyalı fəaliyyətə və konkret qərarlara əsaslanmalıdır”.
K.Bayramov əlavə edib ki, Xəzər dənizi əsrlər boyu region xalqlarını birləşdirən mühüm coğrafi məkan olub: “Bu gün onun əhəmiyyəti daha da artıb. Beynəlxalq nəqliyyat dəhlizləri, enerji marşrutları, liman infrastrukturu və genişlənən iqtisadi əlaqələr Xəzəri Avrasiya məkanının mühüm strateji qovşaqlarından birinə çevirib. Lakin bu imkanların davamlılığı birbaşa dənizin ekoloji vəziyyətindən asılıdır. Xəzərin dayazlaşması limanların fəaliyyətindən yükdaşımaların səmərəliliyinə, balıq ehtiyatlarından sahilyanı yaşayış məntəqələrinin sosial-iqtisadi vəziyyətinə qədər bir çox sahəyə təsir göstərir”.
Deputat qeyd edib ki, Bakı illərdir problemin həllini təkcə region ölkələrinin deyil, həm də beynəlxalq aləmin diqqətində saxlayır:
“Azərbaycanın Xəzərin ekoloji vəziyyəti ilə bağlı narahatlığı yeni deyil. Bakı müxtəlif beynəlxalq platformalarda dənizin səviyyəsinin aşağı düşməsi məsələsini gündəmə gətirərək dünya ictimaiyyətinin diqqətini problemin miqyasına yönəltməyə çalışır. Prezident İlham Əliyevin BMT tribunasından bu təhlükəyə diqqət çəkməsi də problemin beynəlxalq gündəmdə saxlanılması istiqamətində atılan addımlardandır.
Türkmənbaşı sammitində səsləndirilən rəqəmlər vəziyyətin ciddiliyini ortaya qoyur. Bu göstəricilər problemin yalnız gələcəyə aid ehtimal olmadığını, artıq müşahidə edilən dəyişikliklərin iqtisadi və ekoloji nəticələr doğurduğunu göstərir. Burada əsas məsələ isə problemin səbəblərini düzgün müəyyənləşdirməkdir. Bu amillərin hər birinin payını dəqiq qiymətləndirmək üçün sistemli elmi monitorinq və Xəzəryanı dövlətlərin məlumat mübadiləsi vacibdir”.
O həmçinin əlavə edib ki, Azərbaycanın əsas məqsədi problemin müzakirə səviyyəsindən çıxarılaraq konkret fəaliyyət mexanizmlərinin yaradılmasıdır:
“Prezidentin Türkmənbaşı sammitində səsləndirilən mövqeyindən də görünür ki, Bakı daimi fəaliyyət göstərən əməkdaşlıq mexanizminin formalaşdırılmasını istəyir. Burada əsas məqsəd dəniz səviyyəsinin dəyişməsinə təsir edən bütün amilləri elmi əsaslarla müəyyənləşdirmək, uzunmüddətli ssenariləri qiymətləndirmək və qərarları mövcud risklərə uyğunlaşdırmaqdır. Çünki problemin səbəbləri dəqiq araşdırılmadan görülən tədbirlərin səmərəliliyini təmin etmək çətindir”.
K.Bayramovun fikrincə, Xəzər dənizinin ekoloji vəziyyətinin pisləşməsi isə bu imkanların uzunmüddətli perspektivinə təsirsiz ötüşməyəcək: “Buna görə də dənizin dayazlaşması probleminə yalnız ekoloji məsələ kimi deyil, iqtisadi, sosial və strateji təhlükəsizlik problemi kimi yanaşmaq lazımdır.
Bakıdan verilən əsas mesaj da məhz budur: Xəzərin gələcəyi ilə bağlı məsuliyyəti sabaha saxlamaq olmaz. Problemin miqyası ortaq elmi yanaşma, əlaqələndirilmiş fəaliyyət və vaxtında qəbul edilən qərarlar tələb edir. Xəzər beş dövlətin ortaq sərvətidir və onun qorunması indiki nəsillər qarşısında olduğu qədər gələcək nəsillər qarşısında da məsuliyyətdir”.
