Messencer “WhatsApp” süni intellekt əsaslı yeni funksiyaların tətbiqinə başlayıb. Yeniliklər arasında yazışmaların məzmununa əsaslanaraq cavab variantları təklif edən sistem də yer alır.
Bu barədə TechCrunch nəşri məlumat yayıb.
Yenilənmə ilə birlikdə sistem artıq dialoqun kontekstini analiz edərək istifadəçiyə daha dəqiq və uyğun cavablar formalaşdırmağa kömək edir. Şirkət ümid edir ki, istifadəçilər mesaj yazmaq üçün üçüncü tərəf servislər əvəzinə məhz bu daxili alətlərdən daha çox istifadə edəcəklər. Bununla yanaşı, tərtibatçılar bildirir ki, süni intellekt funksiyalarından istifadə olunsa belə, yazışmaların məxfiliyi qorunur.
Funksiyanı aktivləşdirmək üçün istifadəçi mesaj yazma sahəsini açmalı, stiker ikonuna toxunmalı və daha sonra “parıltılı qələm” işarəsi ilə göstərilən süni intellekt bölməsini seçməlidir.
Bundan əlavə, Meta digər yenilikləri də təqdim edib. Artıq istifadəçilər bütün yazışmanı silmədən, birbaşa çat daxilində böyük faylları silərək yaddaşda yer boşalda biləcəklər. Həmçinin Meta AI vasitəsilə şəkillərin redaktəsi mümkün olacaq — məsələn, artıq obyektləri silmək, fonu dəyişmək və ya müxtəlif vizual üslublar tətbiq etmək.
Digər yeniliklər sırasında çat tarixçəsinin iOS və Android platformaları arasında köçürülməsi, iOS-da iki hesabın eyni anda istifadəsi, həmçinin emoji yazarkən avtomatik təklif olunan yenilənmiş stikerlər də var.
Gözlənilir ki, bu funksiyalar yaxın vaxtlarda bütün istifadəçilər üçün əlçatan olacaq.
