Uzun və sağlam həyatın sirrini axtaranlar üçün elm dünyasından maraqlı bir xəbər gəlib. Uzun müddət insanlar müntəzəm idman, ciddi diyetalar və zərərli vərdişlərdən uzaq durmağın ömrü uzadan əsas amillər olduğunu eşidirdilər. Lakin Kopenhagen Universiteti tərəfindən aparılan yeni araşdırma göstərir ki, yaşam müddəti əslində böyük ölçüdə genlərimizdə yazılıb.
Əvvəlki tədqiqatlar genlərin ömür üzərində təsirini yalnız 10–30 faiz aralığında qiymətləndirirdi. Qalan böyük hissənin qidalanma, qəzalar və xəstəliklər kimi ətraf mühit faktorlarına bağlı olduğu düşünülürdü. Yeni məlumatlar isə bu nisbəti əsaslı şəkildə dəyişdirərək genlərin payını 55 faiz səviyyəsinə çıxarır.
Araşdırmanın müəllifləri Daniela Bakula və Morten Şkeybye-Knudsen bildirirlər ki, bu nəticə olduqca kritik əhəmiyyət daşıyır. Əgər yaşam müddəti əsasən genetik olaraq əvvəlcədən müəyyənləşibsə, həyat tərzinə yönəlmiş müdaxilələrin yaşlanma sürətinə təsiri gözlənildiyindən daha məhdud olur. Digər tərəfdən, genetik faktorun bu qədər dominant rolu yaşlanma prosesini genetik yanaşmalarla öyrənməyə çalışan elmi səyləri daha əhəmiyyətli edir.
İngiltərə kimi ölkələrdə son bir neçə əsrdə orta ömür sabit şəkildə artıb. Lakin “sağlam ömür gözləntisi” göstəricilərinə baxıldığında, kişilər üçün bu müddətin təxminən 61,5, qadınlar üçün isə 61,9 il olduğu görünür. Kopenhagen qrupu insanların niyə bəzilərinin digərlərindən daha uzun yaşadığını anlamaq üçün keçmişdəki səhv məlumatları təmizləyib. Əvvəlki tədqiqatların səhiyyə xidmətlərinin yetərsiz olduğu və epidemiya xəstəliklərin yayıldığı dövrlərə aid keyfiyyətsiz məlumatlardan istifadə etdiyini müəyyən edən araşdırmaçılar bu dəfə əkizlər üzərində fokuslanmış çalışmalara üstünlük veriblər. Qəzalar və yoluxucu xəstəliklər kimi xarici faktorlardan yaranan ölüm halları azaldıqda, genlərin ömür üzərindəki müəyyənləşdirici rolu daha aydın şəkildə üzə çıxıb.
Ekspertlər bildirirlər ki, bu yeni nəticələr idrak funksiyaları və metabolizma sürəti kimi digər mürəkkəb xüsusiyyətlərin də təxminən 50 faizinin irsi olma prinsipi ilə tam uyğundur. Araşdırmaçılar insanın yaşlanma sürətinin təkamül prosesində diqqətlə optimallaşdırılmış ola biləcəyini düşünürlər. Bu isə uzun ömürlə əlaqəli genetik variantları və yaşlanmanı tənzimləyən bioloji yolları öyrənməyin vacibliyini bir daha təsdiqləyir.
