Son günlər blogger İntiqam Vəlioğlunun Mingəçevir şəhərində, Kür sahilində fəaliyyət göstərən attraksionlar, uşaq əyləncə vasitələri və qayıq gəzintilərinin qiymətləri ilə bağlı səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub.
Ancaq bir məqamı unutmamaq lazımdır: həmin ərazidə xidmət göstərən şəxslər dövlət qarşısında öhdəlikləri olan sahibkarlardır. Onlar vergi ödəyir, qanunvericiliyə uyğun şəkildə fəaliyyət göstərir və mövsümi qaydada icarəyə götürdükləri ərazilərdə öz bizneslərini qururlar.
Azad bazar iqtisadiyyatının əsas prinsiplərindən biri də qiymətlərin inzibati göstərişlə deyil, rəqabət və bazar münasibətləri ilə formalaşmasıdır. Bir sahibkar qiyməti yüksək təyin edə bilər, digəri daha münasib qiymət seçə bilər. Son qərarı isə istehlakçı verir. Məhz bu rəqabət xidmətin keyfiyyətini artırır və bazarın inkişafına təkan verir.
Bu baxımdan, Mingəçevir Şəhər İcra Hakimiyyətinə müraciət edərək sahibkarların qiymət siyasətinə müdaxilə edilməsini istəmək hüquqi baxımdan düzgün yanaşma deyil. Yerli icra hakimiyyətlərinin və bələdiyyələrin sahibkarların qiymətlərini müəyyən etmək və ya onları dəyişdirmək səlahiyyəti yoxdur. Əgər hər hansı qanun pozuntusu, istehlakçı hüquqlarının pozulması və ya digər hüquqi problem varsa, bunun üçün aidiyyəti dövlət qurumları mövcuddur.
Tənqid etmək hər kəsin haqqıdır. Lakin ictimaiyyət qarşısında çıxış edən şəxslər, xüsusilə jurnalist və bloggerlər, mövqelərini səsləndirərkən qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyət bölgüsünü də nəzərə almalıdırlar. Əks halda, cəmiyyətdə yanlış təsəvvür formalaşa və insanların dövlət orqanlarının səlahiyyətləri barədə səhv fikir əldə etməsinə səbəb ola bilər.
Mingəçevirə qonaq kimi gələn hər kəs şəhəri tənqid də edə bilər, təklif də verə bilər. Amma tənqid faktlara, hüquqi çərçivəyə və obyektiv yanaşmaya söykənməlidir. Emosiyalarla deyil, qanunla danışmaq həm jurnalistikanın, həm də peşəkar blog fəaliyyətinin əsas prinsiplərindən biridir.
