31 mart – Azərbaycanlıların Soyqırımı Günü xalqımızın tarixində ən faciəli, eyni zamanda yaddaşımızda silinməz izlər buraxmış günlərdən biridir. Bu gün biz yalnız keçmişin acı səhifələrini xatırlamırıq, həm də gələcək nəsillərə tarixi həqiqətləri çatdırmaq məsuliyyətini bir daha dərk edirik.
1918-ci ilin mart hadisələri zamanı minlərlə günahsız azərbaycanlı milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirilmiş, şəhər və kəndlər dağıdılmış, xalqımıza qarşı ağır cinayətlər törədilmişdir. Bu faciə təkcə tariximizin qara səhifəsi deyil, həm də milli yaddaşımızın bir parçasıdır.
Bu gün Mingəçevir Dövlət Universitetinin kollektivi olaraq biz şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anır, onların ruhu qarşısında baş əyirik. Gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, tarixi həqiqətlərin öyrədilməsi və gələcəkdə bu kimi faciələrin təkrarlanmaması üçün maarifləndirmə işlərinin aparılması bizim əsas vəzifələrimizdəndir.
Unutmamalıyıq ki, tarixini bilməyən xalq gələcəyini düzgün qura bilməz. Bu baxımdan 31 Mart Soyqırımı Günü hər birimiz üçün həm hüzn, həm də məsuliyyət günüdür.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Anar Emonov
Mingəçevir Dövlət Universitetinin Rektoru
