TƏBİB və Səhiyyə Nazirliyinin mütəxəssisləri Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasında stasionar müalicə alan 11 uşaqda müşahidə olunan dərman allergiyası hadisəsi ilə bağlı araşdırma aparır.

Bu barədə  TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, istifadə olunmuş dərman vasitəsindən müvafiq nümunələr götürülüb.

“Uşaqlara dərhal zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların vəziyyəti stabil qiymətləndirilir və diaqnozlarına uyğun müalicələri davam etdirilir. Onlardan 4-nün vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, həmin uşaqlar hadisədən əvvəl respirator virus infeksiyası səbəbi ilə xəstəxanada müalicə alıblar.