Vəkil “People” nəşrinə açıqlamasında investorların Selena Qomez, anası Mendi Tifi və şirkətin digər həmtəsisçisi Daniella Pirsona qarşı irəli sürdüyü iddiaları “həm faktiki, həm də hüquqi baxımdan tamamilə əsassız” adlandırıb.
Vəkil sözügedən məhkəmə iddiasının rədd edilməsi üçün vəsatət veriləcəyini açıqlayıb.
Bir qrup investor “Wondermind”ə ümumilikdə təxminən 1,2 milyon dollar sərmayə qoyduqlarını, lakin aldadıldıqlarını iddia edir. İddia ərizəsində şirkətin təsisçilərinin maliyyə problemlərini gizlətdiyi, vəd edilən müqavilələrin, tətbiqin və digər gəlir gətirəcək layihələrin isə həyata keçirilmədiyi bildirilir.
İnvestorların sözlərinə görə, onlar şirkətin real maliyyə vəziyyətindən yalnız 2025-ci ilin sentyabrında “The Cut” nəşrində yayımlanan araşdırmadan sonra xəbər tutublar. Araşdırmada şirkətdəki xaosdan, həmçinin həmin ilin mayından etibarən əməkhaqqı ödənişlərində yaranan gecikmələrdən bəhs olunub.
Daniella Pirson isə ittihamları qəti şəkildə rədd edib. O, investorların vəsaitini heç vaxt şəxsi ehtiyacları üçün xərcləmədiyini, əksinə, layihəyə öz pulunu yatırdığını bildirib.
Qeyd edək ki, psixi sağlamlıq mövzusuna həsr olunan “Wondermind” startapı 2021-ci ildə elan edilib. Şirkət 2025-ci ilin mayında əməkdaşlarının 60 faizini ixtisar edib və bundan sonra qalmaqalın mərkəzinə düşüb.
