Bu gün Heydər Əliyev prospektində yerləşən 440 saylı binanın sakinləri ilə növbəti səyyari görüş keçirilib. Görüş zamanı məhəllədə mövcud olan problemlər yerində dinlənilib, abadlıq və infrastrukturun yaxşılaşdırılması ilə bağlı təkliflər geniş müzakirə edilib. Eyni zamanda, məhəllə komitəsinin yaradılması məsələsi ətrafında sakinlərlə fikir mübadiləsi aparılıb.

Sakinlərin müraciətləri əsasında ərazidə bir sıra yeniliklərin həyata keçirilməsi nəzərdə tutulur. Belə ki, məhəllədə söhbətgah və oturacaqların quraşdırılması, uşaqlar üçün əyləncə qurğularının yaradılması, yaşlı sakinlər üçün açıq hava trenajorlarının yerləşdirilməsi planlaşdırılır. Bundan əlavə, şəhid bulağının təmiri və ərazidə yaşıllıq zolaqlarının genişləndirilməsi də prioritet istiqamətlər sırasında yer alır.

Qeyd olunub ki, vətəndaşlarla birbaşa ünsiyyətin qurulması, onların müraciətlərinin yerində dinlənilməsi və operativ şəkildə həll olunması məqsədilə səyyari görüşlərin keçirilməsi bundan sonra da davam etdiriləcək. Bu cür görüşlər yerli problemlərin daha çevik və effektiv şəkildə həllinə, eyni zamanda sakinlərin qərarvermə prosesində aktiv iştirakına şərait yaradır.

Mingəçevir şəhər bələdiyyəsi