44 günlük Vətən müharibəsi zamanı Vətənimiz uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan, Mingəçevir şəhərindən olan şəhid Əli Rızayevin anasının müraciəti diqqətdə saxlanılaraq müsbət həllini tapıb.
Şəhid anasının müraciəti əsasında Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq addımlar atılıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə edilən rəsmi müraciətdən sonra şəhidin anası mənzillə təmin edilib.
Yeni mənzilin təqdim olunması mərasimində Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov iştirak edib. Mərasim zamanı çıxış edən icra başçısı bildirib ki, mənzilin məhz 30 dekabr – Yeni il ərəfəsində şəhid anasına təqdim olunması xüsusi rəmzi məna daşıyır:

“Şəhid anasının yeni ili yeni mənzilində qarşılaması, şəhid oğlunun xatirəsini bu evdə yaşatması, qəhrəman övladının şəkillərini yeni ocağında yerləşdirərək onun əziz xatirəsi ilə yaşaması bizim üçün böyük mənəvi dəyərdir.”
Cənab İlham İsmayılov vurğulayıb ki, Vətən uğrunda canından keçən şəhidlərimizin ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunacaq, onların xatirəsi isə hər zaman uca tutulacaq.
Mənzilin təqdim olunması zamanı şəhid anası göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib, yeni evdə qəhrəman oğlunun xatirəsi ilə yaşamağın onun üçün böyük təsəlli olduğunu qeyd edib.
Esmira Hudayətova, Mingəçevir
