Mingəçevirdə yaşayan Birinci Qarabağ müharibəsi şəhidi Yalçın İsmayılovun anası Səmayə İsmayılova səhhətində yaranan narahatlıqlara görə uzun müddətdir ki, müxtəlif tədbir və ziyarətlərdə iştirak edə bilmir. Bu gün bir qrup şəhid anaları onu evində ziyarət edərək hal-əhval tutub, mənəvi dəstək göstəriblər.

Şəhid anası ziyarət zamanı bildirib ki, həyatda yeganə arzusu oğlunun adının layiqincə əbədiləşdirilməsidir:
“Oğlum müharibədə böyük qəhrəmanlıqlar göstərib. Mühasirədə qalan döyüş yoldaşlarını xilas etmək istəyərkən snayper gülləsinə tuş gəldi. Şəhid olanda cəmi 20 yaşı vardı. Təəssüf ki, bu gün onun igidliyi lazımi qədər xatırlanmır.”

77 yaşlı Səmayə İsmayılova hazırda tək yaşayır. O deyir ki, Yalçının şəhidliyindən sonra həyat onu ağır itkilərlə üz-üzə qoyub:
“Yalçından sonra daha dörd oğul itirdim. Hamısı rəhmətə gedib. Yalçının adını daşıyan bir nəvəm vardı, onu da itirdim. O da bu adı yaşada bilmədi…”

Şəhid anası qeyd edir ki, bu gün onun yeganə təsəllisi evinin önündə oğlunun xatirəsinə tikilən xatirə bulağıdır. O, bu xatirə bulağının ərsəyə gəlməsində Mingəçevir İstilik Elektrik Stansiyasının (İES) rəhbəri Təhmasib Hüseynovun göstərdiyi maddi və mənəvi dəstəyi xüsusi vurğulayaraq minnətdarlığını bildirib:

“Bir şəhid anası olaraq, oğlumun xatirəsinin yaşadılması üçün göstərilən bu böyük dəstəyə görə Mingəçevir İES-in rəhbəri Təhmasib Hüseynova ürəkdən təşəkkür edirəm. Bu, mənim üçün böyük mənəvi təsəllidir.”
Qeyd edək ki, Yalçın İsmayılov Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşub və 1992-ci il avqustun 25-də şəhidlik zirvəsinə ucalıb. O, Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Esmira Hudayətova, Mingəçevir
