30 dekabr tarixində Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Vətən müharibəsi şəhidi Əli Rızaevin anası Kamilə Rızaevaya yeni mənzilin açarlarını təqdim edib. Mənzilin təmir işlərinin yenicə başa çatdığını nəzərə alan şəhid anası həmin gün icra başçısını evinə dəvət edib.

Son günlər bəzi sosial şəbəkələrdə və internet resurslarında yayılan, icra başçısının şəhid anasının evinə ayaqqabı ilə daxil olmasını əks etdirən fotolar müxtəlif cür şərh olunaraq, bu hal əsassız şəkildə şəhid ailəsinə və dövlət rəsmisinə qarşı hörmətsizlik kimi təqdim edilib.
Məsələ ilə bağlı şəhid anası Kamilə Rızaeva açıqlama verərək yayılan iddialara aydınlıq gətirib. O bildirib ki, mənzildə təmir işləri tam qurumadığı, bəzi hissələrdə boya və digər təmir izlərinin qalması səbəbindən İlham İsmayılovun ayaqqabısını çıxarmasına şəxsən özü icazə verməyib:
“Evin təmiri yenicə bitmişdi, bəzi yerlərdə boya və nəm ola bilərdi. Buna görə də icra başçısını şəxsən özüm ayaqqabılı şəkildə evə dəvət etdim. Ayaqqabısını çıxarmamasını xahiş etdim. Fotolarda görünən vəziyyət də məhz bundan ibarətdir.”
Şəhid anası həmçinin vurğulayıb ki, yayılan görüntülərin fərqli məqsədlərlə təhrif edilməsi onu narahat edib və bu məsələdə nə icra başçısına, nə də şəhid ailəsinə qarşı hörmətsizlik axtarmağın yersiz olduğunu qeyd edib.
Məsələ ilə bağlı şəhid ailəsi ilə görüşən Bolge.az-ın əməkdaşı Esmira Hidayətova da bildirib ki, bu faktlar şəhid anası tərəfindən açıq şəkildə bildirilib.
Qeyd edək ki, şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir və bu cür həssas mövzuların faktlar araşdırılmadan, kontekstdən çıxarılaraq paylaşılması cəmiyyətdə yanlış rəy formalaşdırır.

Esmira Hudayətova, Mingəçevir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir