Avqustun 21-i Ukrayna paytaxtı Kiyevdə matəm günü elan olunub.

Bunu şəhərin meri Vitali Kliçko bildirib.

Onun sözlərinə görə, həmin gün şəhərdəki bütün bələdiyyə binalarındakı bayraqlar endiriləcək. Həmçinin paytaxtdakı dövlət və özəl binalarda dalğalanan bayraqların endirilməsi tövsiyə olunub. Bundan əlavə, 21 avqustda Kiyevdə bütün əyləncə tədbirləri qadağan olunub.
Qeyd edək ki, Rusiya ordusu avqustun 19-dan 20-nə keçən gecə Kiyevi ağır formada bombalayıb. Ukrayna Baş Prokurorluğunun məlumatına görə, hücum nəticəsində 13 nəfər ölüb, ikisi polis əməkdaşı olmaqla 40 nəfər yaralanıb.

Baş Prokurorluqdan o da bildirilib ki, hadisə ilə bağlı Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 1-ci və 2-ci hissələri üzrə araşdırmalara başlanıb.
Bundan başqa, Rusiyanın avqustun 19-da Jitomirdə polis binasına zərbələr endirməsi nəticəsində 2 polis ölüb, 20 nəfər isə yaralanıb.

Xersonda isə sərnişin mikroavtobusa hücum nəticəsində 4 nəfər həlak olub, 5 nəfər yaralanıb.
Rusiya Müdafiə Nazirliyinin yayadığı məlumata görə, “Çernomorsk” və “Yujnı” limanlarında yerləşən Ukrayna Silahlı Qüvvələrinin hərbi texnika saxladığı anbarlara zərbələr endirilib. Bundan əlavə Kiyev şəhərində və eyni adlı vilayətdə hərbi sənaye obyektlərinə, anbarlara və logistika mərkəzinə hücumlar edilib.