Mingəçevir Dövlət Universitetinin Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutu və “Holberton School Azerbaijan”ın təşkilatçılığı ilə 23 may 2026-cı il tarixində “Ai Industry Talent Development – Akademiya–Sənaye İnnovasiya” Bootcamp və Təqaüd Proqramının bağlanış mərasimi yüksək təşkilatçılıq və böyük maraq şəraitində keçirilib. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan tədbir universitetin əsas tədris binasının 203 nömrəli auditoriyasında baş tutub.

Bağlanış mərasimi ölkədə süni intellekt əsaslı bilik iqtisadiyyatının, rəqəmsal transformasiyanın və sənaye yönümlü innovasiya ekosisteminin inkişafına xidmət edən mühüm platforma kimi qiymətləndirilib. Çıxışlarda vurğulanıb ki, müasir dövrdə universitetlərin rolu yalnız nəzəri biliklərin ötürülməsi ilə məhdudlaşmır, eyni zamanda real sənaye problemlərinə innovativ həllər təqdim edən, texnoloji düşüncə qabiliyyəti yüksək olan yeni nəsil mütəxəssislərin hazırlanmasını da əhatə edir.

MDU-nun Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutunun direktoru Aidə Mustafayeva, “Holberton School Azerbaijan”ın direktoru Şəms Bayramzadə və AI mentoru Məhəmməd Atluxanov çıxış edərək proqramın nəticələrini yüksək qiymətləndiriblər. Onlar akademiya ilə sənaye arasında formalaşan bu inteqrasiya modelinin innovasiya mədəniyyətinin güclənməsinə və rəqəmsal bacarıqların real tətbiq mühitində inkişafına mühüm töhfə verdiyini qeyd ediblər.

Tədbirdə bildirilib ki, süni intellekt artıq gələcəyin deyil, bu günün iqtisadi və sənaye sistemlərini formalaşdıran əsas transformasiya gücünə çevrilib. Bu səbəbdən gənclərin praktiki bacarıqlar, layihə əsaslı öyrənmə və real problemlərin həlli üzərində hazırlanması xüsusi strateji əhəmiyyət daşıyır.

Bağlanış mərasiminin ən yaddaqalan hissəsi Bootcamp iştirakçılarının təqdim etdiyi sənaye yönümlü innovativ layihələr olub. Komandalar tərəfindən hazırlanan həllər süni intellektin enerji səmərəliliyi, ekoloji davamlılıq, ağıllı idarəetmə və yaşıl sənaye yanaşmaları ilə inteqrasiyasını nümayiş etdirib.

Təqdim olunan layihələr arasında:
• “VoltAI” – süni intellekt əsaslı enerji qənaət platforması
• “EcoTrack” – karbon izi izləmə mobil tətbiqi
• “Vision” – ağıllı enerji sərfiyyatı sistemi
• “Green Pulse” – yaşıl fabrik idarəetmə paneli (Green Factory Dashboard)
• “BlueGreen Analytics” – sənaye müəssisələri üçün ESG monitorinq sistemi xüsusi maraqla qarşılanıb. Layihələr iştirakçıların analitik düşüncə, sistem dizaynı və innovativ problem həlli bacarıqlarını nümayiş etdirib.

Bootcamp müddətində iştirakçılar mentor dəstəyi ilə ideya mərhələsindən prototipə qədər inkişaf yolu keçərək real sənaye problemlərinə yönəlmiş həllər hazırlayıblar. Bu isə universitet–sənaye əməkdaşlığının praktik və nəticəyönümlü mərhələyə keçdiyini bir daha göstərib.

Sonda proqram iştirakçılarına sertifikatlar təqdim olunub və onların gələcək karyera və innovasiya fəaliyyətlərində uğurlar qazanacaqlarına əminlik ifadə edilib.

Qeyd edilib ki, Mingəçevir Dövlət Universitetində formalaşan innovasiya mühiti, rəqəmsal transformasiya yönümlü təhsil modeli və sənaye ilə inteqrasiya olunmuş öyrənmə ekosistemi ölkənin texnoloji gələcəyinin inkişafına töhfə verməkdə davam edir.

Esmira Hidayətova, Mingəçevir
