Elm dünyası enerji səmərəliliyi sahəsində mühüm bir yeniliyə imza atıb. ABŞ-də aparılan araşdırma pəncərələrdə istilik izolyasiyası anlayışını kökündən dəyişə bilər.
xeberler.info xəbər verir ki, Kolorado Boulder Universitetinin alimləri tərəfindən hazırlanan “MOUCHI” adlı yeni material pəncərələrdə istilik itkisinin qarşısını demək olar ki, maksimum səviyyədə almağa imkan verir. Bu texnologiyanın geniş tətbiqi təbii qaz istehlakının və ümumi enerji xərclərinin ciddi şəkildə azalmasına yol aça bilər.
Yeni material həm yüksək şəffaflıq, həm də güclü istilik izolyasiyası ilə seçilir. MOUCHI ənənəvi şüşələrdən fərqli olaraq açıq alovdan gələn istiliyi belə ötürmür, eyni zamanda görüntünü bulandırmır.
“MOUCHI” — Optik Şəffaf Mezoməsaməli İstilik İzolyasiyası — strukturunun 90 faizindən çoxu mikroskopik məsamələrdə “kilidlənmiş” havadan ibarətdir. Tədqiqatçılar bu quruluşu “silikon qabarcıqlı qablaşdırma”ya bənzədirlər. İndiyədək izolyasiya üçün istifadə edilən aerojellər yüksək dumanlılıq yaratdığı üçün pəncərələrdə effektiv sayılmırdı. Yeni material isə bu problemi tam aradan qaldırır.

Optik göstəricilər baxımından MOUCHI adi şüşəni xeyli geridə qoyur. Belə ki, standart şüşələr işığın təxminən 92 faizini ötürdüyü halda, yeni material görünən işığın 99 faizindən çoxunu keçirir və demək olar ki, görünməz qalır.
Layihənin müəlliflərindən olan fizika professoru İvan Smalyuk izolyasiya mexanizmini belə izah edir: hava molekulları məsamələrin daxilində bir-biri ilə toqquşaraq istilik ötürə bilmir, divarlara çırpılaraq enerjini itirir. Nəticədə istilik ötürülməsi minimum səviyyəyə enir.
Alimlər bildirirlər ki, bu texnologiyanın əsas üstünlüklərindən biri onun praktik tətbiq imkanlarının genişliyidir. MOUCHI həm yeni tikililərdə, həm də köhnə evlərdə istifadə oluna bilər. Material qalın lövhələr və ya nazik elastik plyonkalar şəklində istehsal edilir, mövcud pəncərələrin üzərinə əlavə qat kimi yapışdırıla və ya ikiqat, üçqat şüşə sistemlərinin içinə inteqrasiya edilə bilər.
Hesablamalara görə, bu texnologiyanın geniş tətbiqi qışda isidilmə, yayda isə soyutma xərclərində 30 faizdən çox enerji qənaətinə imkan verəcək.
