Azərbaycan Ordusunun igid zabitlərindən biri, Vətənə sədaqəti ilə seçilən polkovnik-leytenant Seymur Hidayətov bu gün 48 yaşını qeyd edir. Ömrünün yarıdan çoxunu hərb sənətinə həsr edən, illərin sınağından şərəflə çıxan Seymur Hidayətov həm döyüş meydanında, həm də bu gün cəmiyyət içində nümunəvi fəaliyyəti ilə seçilən dəyərli insanlardandır.


44 günlük Vətən müharibəsinin ilk günlərindən cəbhəyə yollanan Seymur Hidayətov Füzuli və Xocavənd istiqamətlərində gedən ən ağır döyüşlərin iştirakçısı olub. O günləri xatırlayarkən dediyi bir fikir isə bu savaşın ruhunu tam əks etdirir: “Döyüş meydanında hər bir əsgər bir qəhrəman, cəngavər idi.” Bu sözlər onun yaddaşında qalan xatirədən daha çox, Azərbaycan əsgərinin necə bir ruh yüksəkliyi ilə vuruşduğunu göstərən canlı şahidlikdir.


İllərlə Gədəbəy kimi çətin və strateji əhəmiyyətli bölgədə xidmət edən Seymur Hidayətov sərt iqlimə, düşmən təxribatlarına və davamlı təhlükələrə baxmayaraq, hər zaman vəzifəsinin öhdəsindən layiqincə gəlib. O, dəfələrlə düşmənin hücumlarının qarşısının alınmasında iştirak edib, ön xətdə dayanaraq əsl zabit nümunəsi göstərib. Onun üçün Vətənin hər qarışı müqəddəsdir.


Döyüş meydanında qazandığı təcrübə və nümayiş etdirdiyi qətiyyət onu təkcə güclü zabit deyil, həm də əsgərlərinə dayaq olan lider kimi formalaşdırıb. Hər bir döyüşçünün ruh yüksəkliyində, qələbəyə inamında onun rolu xüsusi olub.


Bu gün Seymur Hidayətov Mingəçevir Şəhər İcra Hakimiyyətində Şəhid ailələri və müharibə iştirakçıları ilə iş sahəsində fəaliyyət göstərir. O, bu məsuliyyətli vəzifədə də eyni həssaslıqla çalışaraq şəhid ailələrinə və qazilərə diqqət və qayğı göstərir, onların yanında olmağı özünə borc bilir. Bu fəaliyyət onun yüksək insani keyfiyyətlərinin və vətənpərvərliyinin davamıdır.
48 yaşlı Seymur Hidayətovun keçdiyi həyat yolu şərəf, ləyaqət və Vətənə sədaqətin parlaq nümunəsidir.


Hörmətli Seymur müəllim!
Sizi 48 yaşınız münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayırıq. Uca Allahdan Sizə daim güc-qüvvət və şərəfli xidmət yolunuzda davamlı nailiyyətlər diləyirik.

Ad gününüz mübarək olsun Azərbaycan əsgəri ! 🇦🇿

Esmira Hidayətova, Mingəçevir