Narkotik daşıyan avtomobillər müsadirə olunsun – Deputatdan təklif

1789563082_1721236013_narkotik

“Biz bilirik ki, müharibələr permanentdir, davam edir, bu gün də, sabah da davam edəcək. Ona görə biz bunları fərqləndiririk. İnformasiya müharibəsi, hibrid müharibə və s. Bir də tiryək müharibəsi var. Daxili İşlər Nazirliyinə, Dövlət Sərhəd Xidmətinə və digər müvafiq qurumlara təşəkkür edirəm ki, sərhədlərimizdən narkotik vasitələrin keçirilməsinin qarşısını alırlar”.
Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, narkotacirlərə qarşı mübarizə aparmaq üçün daha sərt qanunlar qəbul edilə bilər:
“Biz narkotik daşıyan vasitələrin dövlət büdcəsi leyhinə müsadirə olunması ilə bağlı ayrıca bir qanun qəbul edə bilərik. Bahalı yükdaşıyan nəqliyyat vasitələrinin yük yerlərində xüsusi olaraq ayrıca yerlər düzəldilir və oradan yüz kiloqramlarla narkotik çıxır. Həmin avtomobili idarə edən sürücü, o nəqliyyat vasitəsinin sahibi də məsuliyyət hiss etməlidir ki, əgər mənim nəqliyyat vasitəm narkoticarətə vasitə olursa, mən onu itirə bilərəm. Belə olanda daha çəkindirici qanun qəbul etmiş ola bilərik. Biz hələlik genofondumuzu sıradan çıxardan, bizə qarşı tiryək müharibəsi elan edən ölkələrlə elə narkokuryerləri həbs etmək səviyyəsində mübarizə aparırıq. Məncə, burada bir mərhələ daha yuxarı qalxmalıyıq. Artıq narkobaronlarla mübarizə aparmalıyıq”.

Deputat Qüdrət Həsənquliyev narkotikaya qarşı mübarizənin təkmilləşdirilməsini və müəyyən narkotik maddələrin satışının leqallaşdırılmasını təklif edib.

Komitə sədri Arzu Nağıyev isə bildirib ki, qonşu ölkələrdə belə bir praktika tətbiq olunsa da, effektiv nəticə verməyib.