29 aprel 2026-cı il tarixində Mingəçevir şəhərində “Zərərli vərdişlərlə mübarizə” mövzusunda geniş tərkibli maarifləndirici konfrans təşkil olunub. Tədbirdə şəhərin rəhbər şəxsləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, təhsil və psixoloji xidmət sahəsində çalışan mütəxəssislər iştirak ediblər.

Konfrans qonaqların qarşılanması ilə başlayıb, daha sonra Dövlət Himni səsləndirilib, Ulu Öndərin, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Açılış nitqi ilə çıxış edən Mingəçevir şəhər Təhsil Sektorunun müdiri Rüstəm Aslanov zərərli vərdişlərin cəmiyyət üçün yaratdığı təhlükələrdən danışaraq, bu istiqamətdə maarifləndirmənin vacibliyini vurğulayıb.
Konfrans çərçivəsində müxtəlif mövzularda məruzələr dinlənilib.

Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Fənlər Təmayüllü Liseyin direktoru Aidə İsmayılova çıxışında ailə və məktəbin birgə fəaliyyətinin gənclərin zərərli vərdişlərdən uzaq tutulmasında mühüm rol oynadığını bildirib. O qeyd edib ki, düzgün tərbiyə və nəzarət mexanizmləri uşaqların sağlam mühitdə formalaşmasına birbaşa təsir edir.

Mingəçevir Şəhər Psixoloji Tibbi-Pedaqoji Komissiyasının sədri Gültəkin Məmmədova isə psixoloji sağlamlığın qorunması və stressin düzgün idarə olunmasının zərərli vərdişlərin qarşısının alınmasında əsas amillərdən biri olduğunu diqqətə çatdırıb.
Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru, polis mayoru Nicat Mustafayev isə zərərli vərdişlərin hüquqi nəticələri barədə məlumat verərək, bu cür halların qanunvericilik baxımından doğurduğu məsuliyyətlərdən danışıb.

Tədbirin panel müzakirə hissəsində “Zərərli vərdişlərlə mübarizə” mövzusu ətrafında fikir mübadiləsi aparılıb. Paneldə Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev, Mingəçevir şəhər prokuroru Pərvin Quliyev, təhsil və digər sahələrin nümayəndələri iştirak edərək mövzu ilə bağlı öz yanaşmalarını bölüşüblər.

Çıxışlarda xüsusilə vurğulanıb ki, zərərli vərdişlərə qarşı mübarizə yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin — valideynlərin, müəllimlərin və hər bir vətəndaşın birgə məsuliyyətidir. Maarifləndirmə işlərinin gücləndirilməsi, gənclərlə düzgün ünsiyyət və sağlam həyat tərzinin təbliği bu istiqamətdə əsas prioritetlərdən hesab olunur.

Sonda qeyd olunub ki, çox vacib və dəyərli mövzuya toxunan belə konfransların keçirilməsi cəmiyyət üçün böyük əhəmiyyət daşıyır. Xüsusilə gənclərin zərərli vərdişlərdən uzaq durması üçün bu cür maarifləndirici tədbirlər mühüm rol oynayır. Bu baxımdan tədbirin təşkilatçılarına təşəkkür ifadə olunub, bu kimi təşəbbüslərin davamlı olması arzu edilib.

Esmira Hidayərova, Mingəçevir