İsmət Qayıbov adına 10 saylı tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbir məktəbin 4 “D” (rus bölməsi) sinif rəhbəri Arzu Həmidovanın şagirdləri ilə birgə hazırladığı proqram əsasında təşkil olunub. Tədbirdə məktəbin direktoru Yeganə Kərimova, şagirdlərin valideynləri və məktəb kollektivi iştirak edib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbir zamanı şagirdlər Ulu Öndərə həsr olunmuş şeirlər, maraqlı kompozisiyalar və bədii çıxışlarla iştirakçıların qarşısına çıxıblar. Balaca məktəblilərin vətənpərvərlik ruhunda hazırlanan çıxışları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Rəngarəng səhnəcik və rəqs nömrələri ilə davam edən tədbirin sonunda çıxış edən məktəbin direktoru Yeganə Kərimova tədbirin ərsəyə gəlməsində əməyi olan sinif rəhbəri Arzu Həmidovaya və şagirdlərə təşəkkürünü bildirib.

Esmira Hidayətova, Mingəçevir
