Mingəçevirdə qadınların sosial inkişafı, hüquqlarının müdafiəsi və ictimai fəallığının artırılması istiqamətində həyata keçirilən layihələr sırasında Azərbaycan Qadınları Respublika Cəmiyyətinin şəhər təşkilatının fəaliyyəti xüsusi diqqət çəkir. Təşkilata rəhbərlik edən Adilə Cəlilova uzun illərdir qadınların cəmiyyətdə daha fəal mövqe tutması, sosial rifahının yaxşılaşdırılması və həssas təbəqələrin dəstəklənməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Onun təşəbbüsü ilə həyata keçirilən layihələr Mingəçevir ictimaiyyəti tərəfindən maraq və rəğbətlə qarşılanır.

Adilə Cəlilova 2017-ci ildən əlil qadınlar cəmiyyətinin sədri kimi fəaliyyət göstərib, son 4 ilə yaxındır isə Azərbaycan Qadınları Respublika Cəmiyyətinin Mingəçevir şəhər təşkilatına rəhbərlik edir. Bu müddət ərzində təşkilat tərəfindən yüzlərlə qadının sosial problemlərinin həllinə dəstək göstərilib, müxtəlif maarifləndirici və humanitar layihələr həyata keçirilib. Xüsusilə aztəminatlı ailələrə yardım aksiyaları, şəhid ailələri və qazilərlə bağlı keçirilən tədbirlər təşkilatın fəaliyyətində mühüm yer tutur.

Təşkilatın əsas prioritetlərindən biri qadınların iqtisadi müstəqilliyinin gücləndirilməsidir. Bu məqsədlə müxtəlif peşə və inkişaf təlimlərinin təşkili, qadın sahibkarlığının təşviqi və kiçik biznes təşəbbüslərinə dəstək proqramlarının həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda əl işləri sərgiləri və yarmarkalar vasitəsilə qadınların öz bacarıqlarını nümayiş etdirməsinə şərait yaradılır. Bu təşəbbüslər qadınların həm sosial, həm də iqtisadi baxımdan daha güclü mövqe qazanmasına xidmət edir.

İllik fəaliyyət planına uyğun olaraq təşkilat tərəfindən qadın hüquqları, erkən nikah, məişət zorakılığı, psixoloji dəstək və rəqəmsal savadlılıq mövzularında seminar və maarifləndirici görüşlər keçiriləcək. Liderlik bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təşkil olunacaq təlimlər isə qadınların ictimai həyatda daha fəal iştirakına stimul verməyi hədəfləyir. Bununla yanaşı, sosial problemlərin həlli istiqamətində dövlət qurumları və ictimai təşkilatlarla əməkdaşlığın genişləndirilməsi də planlaşdırılır.

Gənc qızların inkişafı və cəmiyyətə inteqrasiyası da təşkilatın diqqət mərkəzindədir. Məktəblərdə təşkil ediləcək maarifləndirici tədbirlər, mentorluq proqramları və “Gələcəyin qadın liderləri” layihəsi vasitəsilə yeniyetmə və gənclərin şəxsi inkişafına dəstək veriləcək. Təqaüd və motivasiya layihələrinin həyata keçirilməsi isə onların təhsil və gələcək karyera imkanlarının genişlənməsinə töhfə verəcək.

Mədəni və ictimai tədbirlərin təşkili də təşkilatın fəaliyyətində mühüm istiqamətlərdən biridir. 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə müxtəlif proqramların təşkili, sağlam həyat tərzinin təbliği, kitab klubları və ictimai görüşlər qadınların sosial aktivliyinin artırılmasına xidmət edir. Eyni zamanda media və sosial şəbəkələr üzərindən uğurlu qadın hekayələrinin işıqlandırılması və maarifləndirici materialların paylaşılması da xüsusi diqqətdə saxlanılır.

Qeyd edək ki, həyata keçirilən bütün layihələrin əsas məqsədi qadınların cəmiyyətdə daha fəal iştirakını təmin etmək, yeni qadın sahibkarların formalaşmasına dəstək olmaq və sosial həmrəyliyi gücləndirməkdir.

Sonda onu da bildirək ki, sabah Azərbaycan Qadınları Respublika Cəmiyyətinin Mingəçevir şəhər təşkilatının sədri Adilə Cəlilovanın doğum günüdür. Bu münasibətlə Adilə xanımı təbrik edir, ona möhkəm can sağlığı, fəaliyyətində uğurlar və yeni nailiyyətlər arzulayırıq.
Esmira Hidayətova, Mingəçevir
