Mingəçevir şəhərində məskunlaşmış qaçqın ailələri ciddi sosial problemlə üz-üzə qalıb. Məcburi köçkünlər üçün ayrılmış mənzillərdə yaşayan bu ailələr maddi çətinliklər səbəbindən su pulunu ödəyə bilmədiklərini bildirir. Nəticədə Mingəçevir şəhər Su Kanal İdarəsi tərəfindən onların suyu kəsilib.
Vətəndaşların sözlərinə görə, aldıqları çörək pulu və sosial yardımlar gündəlik tələbatlarını belə güclə qarşılayır. Bu vəziyyətdə kommunal ödənişləri tam şəkildə ödəmək onların imkanları xaricindədir. Ailələr bildirir ki, ödəmə imkanı olsa, heç kim borc saxlamaz.
“Bu hansı dövrdür ki, sən vətəndaşın suyunu kəsirsən? Su həyati zərurətdir. Burada uşaqlar, yaşlılar, xəstələr var,” – deyə sakinlər etiraz edir.
Məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət olunduğu, lakin problemin həlli istiqamətində real addım atılmadığı bildirilir. Çarəsiz qalan sakinlər artıq etiraz aksiyasına hazırlaşdıqlarını deyir. Onların sözlərinə görə, səslərinin eşidilməsi üçün yolu bağlamaqdan başqa çıxış yolları qalmayıb.
Qaçqın ailələri aidiyyəti dövlət qurumlarından, xüsusilə də Mingəçevir şəhər Su Kanal İdarəsinin rəhbərliyindən məsələyə humanist yanaşma tələb edir. Sosial baxımdan həssas təbəqəyə qarşı bu cür sərt addımların atılması cəmiyyətdə ciddi narazılıq yaradıb.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışacağıq.