Bu gün Mingəçevirdə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə geniş bayram şənliyi keçirilib. Şəhər sakinlərinin və qonaqların böyük marağına səbəb olan tədbir bayram ovqatı və yüksək əhval-ruhiyyə ilə yadda qalıb.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan bayram tədbirində İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, icra aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər bələdiyyəsinin üzvləri, Mingəçevir Dövlət Universitetinin (MDU) nümayəndələri – Anar Eminov və universitet kollektivi, Yeni Azərbaycan Partiyasının (YAP) şəhər təşkilatının rəhbərliyi, idarə, müəssisə və təşkilatların təmsilçiləri, eləcə də mətbuat və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iştirakçıları 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.

O, Həmrəylik Gününün xalqımızın birlik və bərabərliyinin, milli həmrəyliyinin rəmzi olduğunu vurğulayıb, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlardan, əldə olunan sosial-iqtisadi nailiyyətlərdən söz açıb. Bildirilib ki, bu gün ölkəmizdə hökm sürən sabitlik və inkişaf məhz xalq–dövlət birliyinin bariz nümunəsidir.

Bayram şənliyi bədii hissə ilə davam edib. Musiqi nömrələri, rəqs çıxışları, Yeni il ab-havasını əks etdirən maraqlı səhnəciklər tədbir iştirakçılarına xoş anlar yaşadıb. Xüsusilə uşaqlar üçün təşkil olunan əyləncəli proqramlar və Yeni il personajlarının çıxışları balacaların sevincinə səbəb olub.

Sonda iştirakçılar bir-birini qarşıdan gələn Yeni il münasibətilə təbrik edib, ölkəmizə sülh, rifah və davamlı inkişaf arzulayıblar. Bayram tədbiri xatirə şəkillərinin çəkdirilməsi ilə yekunlaşıb.

Esmira Hidayətova, Mingəçevir

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir