Mingəçevirdə Bilik Günü qeyd olunub – təhsilin inkişafı və yeni hədəflər diqqət mərkəzində

InShot_20260915_094908692

Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Fənlər Təmayüllü Liseydə 15 Sentyabr – Bilik Günü və yeni 2026/2027-ci tədris ilinin başlanması münasibətilə tədbir keçirilib.

Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhəri üzrə təhsil sektorunun müdiri Rüstəm Aslanov, liseyin rəhbərliyi, müəllimlər, şagirdlər, valideynlər və digər qonaqlar iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra tədbirin açılış nitqi ilə Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyinin direktoru Aidə İsmayılova çıxış edib.

Aidə İsmayılova tədbir iştirakçılarını, müəllim və şagird kollektivini salamlayaraq yeni tədris ilinin başlanması münasibətilə hər kəsi təbrik edib. Liseydə təhsilin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların müxtəlif fənn olimpiadalarında, müsabiqə və layihələrdə iştirakının təmin olunması istiqamətində görülən işlərdən bəhs edib.

Direktor daha sonra tədbirdə iştirak edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovu və Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhəri üzrə təhsil sektorunun müdiri Rüstəm Aslanovu salamlayaraq, onları yeni tədris ilinin başlanması münasibətilə keçirilən tədbirdə görməkdən məmnunluğunu ifadə edib.

Tədbirdə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov müəllim və şagirdləri yeni tədris ilinin başlanması və Bilik Günü münasibətilə təbrik edib.

İlham İsmayılov çıxışında bildirib ki, Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin bütün mərhələlərində elmə, təhsilə, gənc nəslin yüksək səviyyədə yetişdirilməsinə xüsusi diqqət yetirilib. Məhz bu siyasətin nəticəsində ölkədə təhsil sisteminin inkişafı, yeni məktəblərin və təhsil müəssisələrinin yaradılması, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb.

İcra başçısı qeyd edib ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə müasir təhsil infrastrukturunun formalaşdırılması, məktəblərin maddi-texniki imkanlarının genişləndirilməsi, müəllimlərin peşəkarlığının artırılması, şagirdlərin müasir bilik və bacarıqlara yiyələnməsi üçün geniş imkanların yaradılması dövlətin təhsil siyasətinin mühüm tərkib hissəsidir.

İlham İsmayılov vurğulayıb ki, bu gün Azərbaycanın qarşısında dayanan əsas hədəflərdən biri rəqabətqabiliyyətli, savadlı, vətənpərvər və müasir dünyagörüşlü gənc nəslin yetişdirilməsidir. Bunun üçün isə məktəb, müəllim, valideyn və şagird arasında sıx əməkdaşlıq mühüm əhəmiyyət daşıyır.

İcra başçısı Mingəçevərdə təhsilə göstərilən diqqətdən də söz açaraq şəhərdə fəaliyyət göstərən təhsil müəssisələrində əldə olunan uğurların sevindirici olduğunu bildirib. O, xüsusilə təmayüllü liseylərdə şagirdlərin öz maraq və bacarıqlarına uyğun istiqamətlər üzrə inkişaf etdirilməsinin gələcəkdə onların ali təhsil və peşə seçimlərinə müsbət təsir göstərəcəyini qeyd edib.

İlham İsmayılov müəllim əməyinin cəmiyyət üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, müəllimləri yalnız bilik verən deyil, eyni zamanda gələcək nəslin dünyagörüşünün və vətəndaşlıq mövqeyinin formalaşmasında mühüm rol oynayan şəxslər kimi qiymətləndirib.

O, şagirdlərə müraciət edərək yeni tədris ilində qarşılarına yüksək məqsədlər qoymağı, vaxtlarını səmərəli keçirməyi, müasir biliklərə yiyələnməyi və Azərbaycanın gələcəyinə layiqli vətəndaş olmaq üçün səylə çalışmağı tövsiyə edib.

Daha sonra söz Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhəri üzrə təhsil sektorunun müdiri Rüstəm Aslanova verilib.

Rüstəm Aslanov çıxışında yeni tədris ilinin başlanması münasibətilə müəllim və şagird kollektivini təbrik edib, Mingəçevir şəhərinin təhsil sahəsində əldə etdiyi nəticələrdən danışıb. O, şəhərdə təhsilin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin akademik göstəricilərinin yaxşılaşdırılması, istedadlı şagirdlərin üzə çıxarılması və onların müxtəlif müsabiqə və olimpiadalara cəlb olunması istiqamətində həyata keçirilən işləri diqqətə çatdırıb.

Sektor müdiri qeyd edib ki, təhsildə əldə olunan hər bir uğurun arxasında müəllimlərin fədakar əməyi, şagirdlərin zəhməti və valideynlərin dəstəyi dayanır. Rüstəm Aslanov yeni tədris ilində Mingəçevir məktəblərinin qarşısında daha böyük hədəflərin dayandığını bildirib.

Tədbirdə daha sonra yeni dərs ilinin başlanması ilə bağlı xoş arzular səsləndirilib, şagirdlərə uğurlar arzu olunub.

Çıxışlarda xüsusilə vurğulanıb ki, Bilik Günü yalnız yeni dərs ilinin başlanğıcı deyil, həm də gələcəyə aparan yeni yolun başlanğıcıdır. Bu yolun uğurlu olması isə müəllimlərin peşəkarlığından, şagirdlərin əzmkarlığından və təhsilə göstərilən dövlət qayğısından asılıdır.

Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyində keçirilən tədbir də məhz bu məqsədlər ətrafında birləşən müəllim və şagird kollektivinin yeni tədris ilinə yüksək əhval-ruhiyyə ilə başladığını nümayiş etdirib.

Esmira Hidayətova, Mingəçevir