Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında Aprel döyüşlərinin ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə xəstəxananın kollektivi, tibb işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. İştirakçılar qəhrəmanlıq salnaməsi yazan şəhidlərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Daha sonra çıxış edən xəstəxananın direktoru Ülfət Qurbanov Aprel döyüşlərinin Azərbaycan tarixində mühüm dönüş nöqtələrindən biri olduğunu qeyd edib. O vurğulayıb ki, bu döyüşlər Azərbaycan Ordusunun gücünü və xalqın birlik ruhunu bütün dünyaya nümayiş etdirdi. Direktor həmçinin həmin döyüşlərdə iştirak edən hərbi qulluqçuların, eləcə də ön cəbhədə xidmət göstərən tibb işçilərinin fədakarlığını xüsusi qeyd edərək onların xidmətlərinin heç zaman unudulmayacağını bildirib.

Çıxışlarda qeyd olunub ki, Aprel döyüşləri Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan mübarizədə mühüm mərhələ olmaqla yanaşı, gələcək qələbələrin də təməlini qoyub. Bu baxımdan belə anım tədbirlərinin keçirilməsi gənc nəsildə vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Tədbirin sonunda Aprel döyüşlərində iştirak etmiş həkim-cərrah Kamran Məmmədov göstərdiyi yüksək peşəkarlıq və fədakarlığa görə fəxri fərmanla təltif olunub. Ona təqdim olunan mükafat tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, bu kimi tədbirlər Mingəçevirdə mütəmadi olaraq təşkil olunur və şəhidlərin xatirəsinin daim uca tutulmasına xidmət edir.
Esmira Hidayətova, Mingəçevir
