Tədbir öncəsi şəhərin Şəhidlər xiyabanında Aprel döyüşlərində qəhrəmancasına şəhid olan Teymur Qasımovun, Adil Adilzadənin, Rüstəm Əhmədovun və Rahim Tağıyevin məzarları ziyarət olunub, onların xatirəsi dərin ehtiramla anılıb.

Sonra iştirakçılar şəhidlərin igidliyini əks etdirən fotosərgi ilə tanış olublar. Dəyirmi masada şəhər İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, qazilər və ictimaiyyət üzvləri iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub və mövzuya həsr edilmiş film nümayiş etdirilib.

Çıxışlar zamanı bildirilib ki, 2016-cı ilin aprelində baş verən döyüşlər Azərbaycan Ordusunun gücünü və qətiyyətini bir daha nümayiş etdirdi. Ermənistan silahlı qüvvələrinin təxribatlarına verilən layiqli cavab nəticəsində düşmən ciddi itkilərə məruz qaldı, Füzuli, Cəbrayıl və Ağdərə istiqamətlərində minlərlə hektar ərazi işğaldan azad edildi və strateji üstünlük əldə olundu. Bu qələbə xalqda böyük ruh yüksəkliyi yaratmaqla yanaşı, gələcək Zəfərin təməlini qoydu.

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxışında qeyd edib ki, Aprel döyüşləri xalqımızın mübarizə əzmini gücləndirdi və 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbəyə aparan yolun başlanğıcı oldu.

Tədbirin davamında Aprel şəhidi Rahim Tağıyevin həyat yoldaşı Vüsalə Tağıyeva, şəhid atası Oruc Əhmədov və digər çıxış edənlər şəhidlərin həyat yolundan, onların göstərdiyi şücaətdən bəhs edərək xatirələrini bölüşüblər.








Esmira Hidayətova, Mingəçevir
