Mingəçevir şəhərində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününün 108-ci ildönümü ilə əlaqədar geniş anım tədbiri keçirilib. Mingəçevir Şəhidlər Xiyabanında baş tutan mərasim şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşdırılıb və yüksək təşkilatçılıq səviyyəsi ilə seçilib.

Anım tədbirində şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, Mingəçevir Bələdiyyəsinin, Yeni Azərbaycan Partiyası şəhər təşkilatının, Mingəçevir Dövlət Universitetinin, Mingəçevir Tibb Kollecinin, Turizm Kollecinin rəhbərliyi və nümayəndələri, idarə və müəssisələrin kollektivləri, ictimaiyyət nümayəndələri, həmçinin media təmsilçiləri iştirak ediblər.

Tədbir çərçivəsində soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla yad olunub, onların ruhuna dualar oxunub. İştirakçılar 1918-ci ilin 30 mart – 3 aprel tarixləri arasında daşnak erməni silahlı dəstələri tərəfindən xüsusi amansızlıqla qətlə yetirilmiş minlərlə azərbaycanlının, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla anıblar.

Daha sonra Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov geniş məruzə ilə çıxış edib. O, tariximizin faciəli səhifələrindən bəhs edərək 1918-ci ildə Bakı və Bakı quberniyasının müxtəlif bölgələrində törədilmiş qırğınları, eləcə də sonrakı dövrlərdə, xüsusilə 1988–1994-cü illərdə separatçı erməni qüvvələrinin azərbaycanlılara qarşı həyata keçirdiyi zorakılıq və işğalçılıq siyasətini diqqətə çatdırıb.

Çıxış zamanı vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli sərəncamı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü kimi rəsmən təsis olunub və bu tarix xalqımızın yaddaşında faciəvi hadisələrin unudulmaması baxımından mühüm əhəmiyyət daşıyır. Bildirilib ki, bu siyasi kursun uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dövləti daha da güclənib.

Eyni zamanda qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, eləcə də Azərbaycan Ordusunun rəşadəti nəticəsində 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanılıb, uzun illər işğal altında qalmış torpaqlarımız azad edilib. 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub.
Məruzədə diqqətə çatdırılıb ki, hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri uğurla davam etdirilir. İnfrastruktur layihələri həyata keçirilir, yeni iş yerləri açılır, sosial obyektlər – məktəblər, xəstəxanalar, mədəniyyət müəssisələri fəaliyyətə başlayır. Artıq minlərlə məcburi köçkün doğma yurdlarına qayıdaraq yeni həyat qurur.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının Mingəçevir şəhəri üzrə nümayəndəsi Mayıl İsmayılov, Kəlbəcər rayonundan olan keçmiş məcburi köçkün, müəllimə Sevil Əlişova və 14 nömrəli tam orta məktəbin direktoru Ceyhun Atayev də Soyqırımı Günü ilə bağlı fikirlərini bölüşərək tarixi yaddaşın qorunmasının vacibliyini vurğulayıblar. Çıxışlarda şəhidlərin xatirəsi dərin ehtiramla yad edilib, qazilərə sağlamlıq və uzun ömür arzulanıb.
Sonda tədbir iştirakçıları Soyqırımı Abidə Kompleksinin önünə gül dəstələri düzərək faciə qurbanlarının xatirəsinə hörmət və ehtiramlarını ifadə ediblər.
Esmira Hidayətova, Mingəçevir
