Mingəçevir Turizm Kollecində biabırçı imtahan oyunu: Kütləvi kəsilmə, kəsilən təqaüdlər və sındırılan tələbə taleləri Xeberler.info Aran MEDİA-ya istinadən xəbər verir ki, Mingəçevir Turizm Kollecində baş verənlər artıq təhsil məsələsi yox, açıq-aşkar tələbələrə qarşı zorakılıq, insan heysiyyətinin tapdanması və gələcəyin məhv edilməsi kimi qiymətləndirilir. Kollecdə keçirilən son imtahanlardan sonra ortaya çıxan “kütləvi kəsilmə” faktları cəmiyyətdə ciddi hiddət yaradıb.
İddialara görə, imtahanı keçirən müəllimin qərəzli və məqsədli qərarları nəticəsində onlarla tələbə kəsilib, bir çoxunun isə təqaüdü əlindən alınıb. Bu tələbələrin böyük əksəriyyəti ödənişli əsaslarla təhsil alır. Bu, sadəcə qiymət məsələsi deyil – bu, ailələrin maddi vəziyyətinə, valideynlərin son ümidinə, tələbələrin isə həyat planlarına vurulan ağır zərbədir.
Valideynlər haqlı olaraq sual edir:
Bu ölkədə övlad oxutmaq cinayətdirmi?
Valideyn uşağını oxutmaq üçün borca düşür, kirayə haqqı ödəyir, son qəpiyini xərcləyir, amma bir müəllimin kaprizinə görə bütün bu zəhmət bir imtahanda yerlə-yeksan edilir.
Əgər kollecdə müəllimlər və ya rəhbərlik arasında daxili çəkişmə, şəxsi münasibətlərin hesablaşması varsa, bunun cəzasını niyə tələbələr çəkməlidir? Tələbə kiminsə intriqasının, ambisiyasının, yaxud “hoqqasının” qurbanına çevrilməməlidir.
Burada artıq apelyasiya nağıllarına yer yoxdur. Çünki nə qədər əlavə bal verilsə də, kəsilənlərin 70–80 faizi yenə də kəsilmiş sayılacaq. Bu isə apelyasiyanın sadəcə formal bir alətə çevrildiyini göstərir.
Daha biabırçı məqam isə budur ki, digər müəllimlər imtahan günü axşam cavabları açıqladığı halda, sözügedən müəllim cavabları 4–5 gün gizlədib. Bu gecikmə suallar doğurur:
Nə gizlədilirdi?
Nə hesablanırdı?
Kim üçün və nə üçün vaxt udulurdu?
Bu faktlar artıq göstərir ki, məsələ adi imtahan deyil. Burada qəsd, qərəz və şübhəli davranış var. Belə bir müəllim dərhal işdən azad edilməli, fəaliyyəti hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalı, prokurorluq səviyyəsində izahat verməlidir.
Cəmiyyətin tələbi açıq və birmənalıdır:
İmtahan ləğv edilməlidir
Tələbələr üçün yenidən və şəffaf imtahan keçirilməlidir
Günahı olanlar vəzifədən uzaqlaşdırılmalı və cəzalandırılmalıdır
Bu gün burada susmaq sabah daha böyük faciələrin yolunu açmaqdır. Bu, artıq sadəcə “imtahan qalmaqalı” deyil. Bu, tələbə faciəsidir, insan heysiyyəti faciəsidir və buna göz yummaq cinayətə şərik olmaq deməkdir.