Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə təşkil olunan bu görüşlər sakinlərin problemlərinin yerində dinlənilməsi və operativ həllinə xidmət edir. Artıq ənənə halını alan bu formatda keçirilən görüşlər vətəndaş–dövlət münasibətlərinin möhkəmləndirilməsində mühüm rol oynayır.


Qeyd edək ki, 2025-ci ilin son səyyar görüşü Mingəçevir Uşaq Gənclər İnkişaf Mərkəzinin akt zalında baş tutub. Görüşdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəxsən iştirak edərək sakinlərin müraciətlərini dinləyib. O, bu cür görüşlərin əsas məqsədinin vətəndaşların gündəlik həyatında qarşılaşdığı problemlərin birbaşa öyrənilməsi olduğunu vurğulayıb.


Görüş zamanı sakinlər açıq mikrofon qarşısında növbə ilə çıxış edərək onları narahat edən məsələləri diqqətə çatdırıblar. Müraciətlər əsasən şəhərdə sahibsiz itlərin sayının artması, bəzi ərazilərdə zibil qablarının olmaması, qurumuş ağacların kəsilməsi və ya budanması ilə bağlı olub. Bu problemlərin həm təhlükəsizlik, həm də ekoloji baxımdan ciddi narahatlıq doğurduğu bildirilib.


Bununla yanaşı, sakinlər bir sıra yaşayış binalarının təmirə ehtiyacı olduğunu qeyd ediblər. Xüsusilə dam örtüklərinin köhnəlməsi, blokların yararsız vəziyyətdə olması, qapı və pəncərələrin dəyişdirilməsi, eləcə də kommunal sistemlərin yenilənməsi ilə bağlı müraciətlər səsləndirilib. Sakinlər bu məsələlərin uzun müddətdir həllini gözlədiyini diqqətə çatdırıblar.


İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qaldırılan bütün məsələləri diqqətlə dinləyərək onların hər birinin nəzarətə götürüldüyünü bildirib. O, problemlərin həlli ilə bağlı aidiyyəti qurumlara yerindəcə konkret tapşırıqlar verib və icra müddətlərinin qısa zaman ərzində təmin olunmasının vacibliyini vurğulayıb.


Görüşdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin aparatının məsul əməkdaşları, Mingəçevir şəhər prokuroru Pərvin Quliyev, bələdiyyə sədrinin müavini, şəhərdə fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri, eləcə də mətbuat nümayəndələri iştirak ediblər. Bu da qaldırılan məsələlərin kompleks şəkildə həllinə şərait yaradıb.


İcra başçısı çıxışı zamanı bildirib ki, ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşların müraciətlərinə xüsusi həssaslıqla yanaşılır. Bu görüşlərdə səsləndirilən problemlərin böyük əksəriyyəti qısa müddət ərzində öz həllini tapır və icra prosesi daim nəzarətdə saxlanılır.


Sonda İlham İsmayılov Prezident İlham Əliyevin rəhbərliyi ilə regionlarda həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarından danışıb. O qeyd edib ki, Mingəçevir şəhərində aparılan quruculuq və abadlıq işlərinin əsas məqsədi vətəndaşların rifah halının yaxşılaşdırılması, şəhərin daha müasir və komfortlu yaşayış məkanına çevrilməsi, həmçinin yeni layihələrin icrasına nail olmaqdır.

Esmira Hudayətova, Mingəçevir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir