Mingəçevir Dövlət Universiteti (MDU) və “Techera” şirkətinin birgə təşkilatçılığı ilə region məktəbliləri arasında Riyaziyyat Olimpiadası keçiriləcək.
Olimpiadanın əsas məqsədi riyaziyyata xüsusi maraq göstərən şagirdlərin bilik və bacarıqlarını üzə çıxarmaq, onların məntiqi təfəkkürünü, analitik düşünmə və problem həll etmə vərdişlərini inkişaf etdirməkdir. Eyni zamanda, bu cür elmi-intellektual yarışların regionda sağlam rəqabət mühitinin formalaşdırılmasına və məktəblilərin elmə, ali təhsilə təşviqinə töhfə verməsi hədəflənir.
Riyaziyyat Olimpiadasında Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Zərdab, Ucar və Yevlax şəhər və rayonlarından olan məktəblilər iştirak edəcəklər.
Yarışın yekununda qalib və fərqlənən iştirakçılar diplom və sertifikatlarla təltif olunacaqlar.
Mingəçevir Dövlət Universitetindən bildirilib ki, bu kimi tədbirlər regionda insan kapitalının inkişafına, gənclərin potensialının düzgün istiqamətləndirilməsinə və təhsildə keyfiyyətin yüksəldilməsinə mühüm töhfə verir. Universitet rəhbərliyi gələcəkdə də bu istiqamətdə layihələrin davam etdiriləcəyini vurğulayıb.
Olimpiada ilə bağlı əlavə məlumat almaq istəyənlər olimpiada@mdu.edu.az elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərlər.