Mingəçevir Dövlət Universitetində 2025/2026-cı tədris ilinin imtahan sessiyasına başlanılıb. Universitetdən verilən məlumata görə, imtahan prosesi mərkəzləşdirilmiş qaydada təşkil olunur və eyni vaxtda 350-dən çox tələbə imtahanda iştirak edir.


Gün ərzində keçiriləcək 3 sessiya üzrə ümumilikdə 1050-dən artıq tələbə və magistrantın imtahanlarda iştirakı nəzərdə tutulub. Cari imtahan sessiyası çərçivəsində ilk dəfə olaraq yazılı-elektron imtahan formatı tətbiq edilir.


Bildirilib ki, imtahanların təşkili zamanı obyektivlik və şəffaflıq, eləcə də tələbələrin hüquqlarının qorunması əsas prioritet kimi müəyyən edilib. İmtahanların şəffaf və operativ keçirilməsini təmin etmək məqsədilə Operativ Qərargah, İmtahan Mərkəzi və Apellyasiya Komissiyası fəaliyyət göstərir. Bütün imtahan prosesləri audio-video qeydə alınır, eyni zamanda tələbə və magistrantlardan daxil olan müraciətlərin qəbulu üçün Qaynar Xətt də aktivdir.


Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində tədris prosesinin keyfiyyətinin yüksəldilməsi və imtahanlarda şəffaflığın təmin olunması məqsədilə elektron imtahan formatı mərhələli şəkildə tətbiq edilir.

Yazılı və elektron formada keçirilən imtahanlar 22 qrup üzrə təşkil olunur. Hazırda akademik dürüstlüyün gücləndirilməsi məqsədilə yazılı imtahanlarda bilet seçimi və kodlaşdırma prosesi elektron sistem vasitəsilə həyata keçirilir.
Universitet rəhbərliyi bütün tələbə və magistrantlara imtahanlarda uğurlar arzulayıb.

Esmira Hidayətova, Mingəçevir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir