Mingəçevir şəhərinin inzibati sərhədlərinə daxil edilmiş 2-ci Havarlı arxından 2-ci məcburi köçkün şəhərciyinədək olan ərazilərdə uzun müddətdir həllini tapmayan infrastruktur problemlərinin aradan qaldırılması istiqamətində genişmiqyaslı abadlıq və əsaslı təmir işləri həyata keçirilib.

Görülən işlər Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamına əsasən, ölkə başçısının regionların sosial-iqtisadi inkişafı və yaşayış məntəqələrinin abadlaşdırılması ilə bağlı təsdiqlədiyi tədbirlər planına uyğun şəkildə icra olunub.

Xüsusilə uzun illər abadlaşdırma işlərindən kənarda qalan Zəngəzur və İrəvan küçələrində vəziyyət köklü şəkildə dəyişdirilib. Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi və İşıqlandırma idarəsi tərəfindən illərlə həll olunmayan problemlər mərhələli şəkildə aradan qaldırılıb, ərazinin ümumi görünüşü və yaşayış şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.

Aparılan işlər çərçivəsində küçə və yollar qreyder texnikasının köməyi ilə hamarlanıb, hərəkətin təhlükəsizliyi və rahatlığı təmin edilib. Eyni zamanda sel və yağış sularının maneəsiz axını üçün mövcud arxlar qamış, lil və palçıqdan tam təmizlənib, su basma riskinin qarşısının alınması məqsədilə zəruri tədbirlər görülüb.

Ərazilərin gecə saatlarında işıqlandırılması da diqqət mərkəzində saxlanılıb. Küçələrə yeni işıqlandırma xətləri çəkilib, müasir standartlara cavab verən dirəklər və işıq qurğuları quraşdırılıb. Bu isə sakinlərin təhlükəsizliyinin artırılmasına və ümumi abadlıq səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Bununla yanaşı, ərazi ot-alaqdan və məişət tullantılarından təmizlənib, sanitar-gigiyenik vəziyyət yaxşılaşdırılıb. Görülən kompleks tədbirlər nəticəsində həmin yaşayış massivində həm ekoloji mühit sağlamlaşdırılıb, həm də sakinlərin gündəlik yaşayış şəraiti nəzərəçarpacaq dərəcədə yaxşılaşıb.

Qeyd edək ki, Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən bu kimi abadlıq və təmir işlərinin davam etdirilməsi, şəhərin bütün ərazilərində ölkə başçısının müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq sosial rifahın yüksəldilməsi qarşıdakı dövrdə də prioritet istiqamət olaraq qalacaq.
Esmira Hidayətova, Mingəçevir
