Həkim-travmatoloq Kazım Emil Mayıl oğlu eyni zamanda Cərrahiyyə şöbəsinin Əməliyyat blokunun bölmə müdiri vəzifəsinə təyin edilib.

Yeni təyinatla bağlı təqdimat xəstəxananın akt zalında keçirilib. Cərrahiyyə şöbəsinin əməkdaşlarının iştirak etdiyi görüşdə xəstəxananın direktoru Ülfət Qurbanov və baş həkim Mətanət Əliyeva çıxış edərək yeni təyin olunan həkimin fəaliyyətində uğurlar arzulayıblar.

Direktor çıxışında bildirib ki, son dövrlərdə tibb müəssisəsində yalnız bir travmatoloq həkim fəaliyyət göstərirdi. Bu isə artan pasiyent tələbatının tam qarşılanmasında müəyyən çətinliklər yaradırdı. Eyni zamanda Mingəçevirlə yanaşı, ətraf regionlardan da xəstəxanaya müraciət edən pasiyentlərin sayında artım müşahidə olunurdu.

Yeni travmatoloqun təyin olunması ilə vətəndaşlara göstərilən travmatoloji və cərrahi tibbi xidmətlərin əlçatanlığının və keyfiyyətinin artırılması, eləcə də əməliyyat blokunun fəaliyyətinin daha səmərəli təşkilini hədəflənir.

Qeyd edək ki, həyata keçirilən bu kadr təyinatı xəstəxananın tibbi potensialının gücləndirilməsinə və pasiyent məmnunluğunun yüksəldilməsinə xidmət edir.

Esmira Hidayətova, Mingəçevir