Mingəçevir şəhəri Səməd Vurğun adına 16 nömrəli Texniki və Təbiət fənləri təmayüllü liseydə bu gün “Açıq Qapı Günü” keçirilib. Tədbir liseydə həyata keçirilən tədris prosesinin təqdimatı, şagird nailiyyətlərinin nümayişi, məktəb-valideyn əməkdaşlığının möhkəmləndirilməsi və ictimaiyyətlə açıq dialoqun qurulması məqsədi daşıyıb.

Tədbirdə Mingəçevir təhsil sektorunun müdiri Rüstəm Aslanov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Anar Şəfiyev, məktəb direktorları, təhsil işçiləri, regiondan gələn metodistlər, media nümayəndələri, valideynlər və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının üçrəngli bayrağı meydana gətirilib, Dövlət Himni şagirdlər tərəfindən canlı ifa olunub. Daha sonra Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Açıq Qapı Günü” çərçivəsində lisey şagirdlərinin hazırladıqları elmi layihələr, müxtəlif təqdimatlar və yaradıcılıq nümunələri nümayiş etdirilib. Eyni zamanda müxtəlif fənlər üzrə açıq dərslər təşkil olunub. Valideynlər dərs prosesini yaxından izləmək, müəllimlərlə fikir mübadiləsi aparmaq və övladlarının təhsil mühitini birbaşa görmək imkanı əldə ediblər.
Liseyin direktoru Aygün Quliyeva tədbirlə bağlı fikirlərini bölüşərək bildirib ki, keçirilən “Açıq Qapı Günü” əslində liseyin son üç ildə gördüyü işlərin hesabatı xarakteri daşıyır:

“Bu gün liseyimizin həyatında xüsusi əhəmiyyət daşıyan gündür. On üç sinifdə açıq dərslər təşkil olunub. Məqsədimiz yalnız tədris prosesini nümayiş etdirmək deyil, eyni zamanda müəllim, məktəb və valideyn əməkdaşlığının nə qədər vacib olduğunu göstərməkdir. Valideyn məktəblə eyni istiqamətdə addımlayarsa, ortaq məqsəd uğrunda çalışarsa, gələcəyimiz üçün sağlam düşüncəli, savadlı və vətənpərvər gənclər yetişdirə bilərik.

Bu gün həm müəllimlərimizin uğurlarını, həm də şagirdlərimizin son üç ildə qazandıqları nailiyyətləri nümayiş etdiririk. Liseyimizin devizi də məhz budur – ‘Birlikdə öyrənək, birlikdə gələcək quraq’”.
Mingəçevir təhsil sektorunun müdiri Rüstəm Aslanov da çıxışında belə görüşlərin ümumi təhsil müəssisələrində mütəmadi keçirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, əsas məqsəd məktəb-valideyn münasibətlərini daha da möhkəmləndirmək, təhsil prosesində şəffaflığı artırmaq və ictimai iştirakçılığı gücləndirməkdir.

Bildirilib ki, tədbir zamanı qonaqlar liseyin son illərdə əldə etdiyi uğurlarla, şagird nailiyyətləri, fənn müsabiqələri və olimpiada nəticələri, müxtəlif layihələr və yaradıcı fəaliyyətlərlə yaxından tanış olublar. Xüsusilə məktəb-valideyn əməkdaşlığının inkişafına yönəlmiş təşəbbüslər iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd olunub ki, “Açıq Qapı Günü” məktəb, müəllim və valideyn arasında qarşılıqlı etimadın formalaşdırılması, fikir mübadiləsinin aparılması və birgə gələcəyin qurulması baxımından mühüm platformadır.

Tədbirin sonunda məktəbin akt zalında valideynlər və müəllimlərin iştirakı ilə geniş müzakirələr keçirilib. Müzakirələrdə Mingəçevir təhsil sektorunun müdiri Rüstəm Aslanov, regiondan gələn metodistlər, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Anar Şəfiyev, media nümayəndələri və valideynlər iştirak edərək bir sıra aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Valideynləri maraqlandıran suallar cavablandırılıb, təklif və tövsiyələr dinlənilib.
Səmimi və faydalı atmosferdə keçən “Açıq Qapı Günü” iştirakçılar tərəfindən maraqla qarşılanıb və aktual müzakirələrlə yadda qalıb.








Esmira Hidayətova
Mingəçevir
