Kolumbiya hakimiyyəti 1980-ci illərdə narkobaron Pablo Eskobar tərəfindən ölkəyə gətirilmiş və “kokain begemotları” kimi tanınan begemotların populyasiyasını azaltmaq üçün onların bir hissəsinin məhv edilməsini nəzərdən keçirir.
Bu barədə BBC məlumat yayıb.
Hazırda begemotların sayının 250-yə çatdığı bildirilir. Hakimiyyət artımı cilovlamaq üçün 80-ə qədər heyvanın məhvini planlaşdırır. Ətraf mühit naziri İrene Veles bunun ekosistemin qorunması üçün zəruri olduğunu deyib.
Alimlər qeyd edirlər ki, begemotlar invaziv növdür və təbii düşmənlərinin olmaması onların sürətlə çoxalmasına səbəb olur. Tədbir görülməzsə, 2034-cü ilə qədər saylarının 1400-ü keçə biləcəyi proqnozlaşdırılır.
Qərar heyvan hüquqları müdafiəçiləri tərəfindən tənqid olunur, bəzi ekspertlər isə alternativ olaraq sterilizasiyanı təklif etsə də, bunun çətin və baha başa gəldiyi bildirilir.
