Kiyevdən xəbərdarlıq: Ukraynanı ciddi risklər gözləyir

1789819222_whatsapp-image-2026-09-19-at-16.00.08

Ukrayna Milli Bankı (NBU) təhlükəsizlik vəziyyətinin pisləşməsinin ölkədə istehlakçı tələbatına və əmək bazarına ciddi mənfi təsir göstərə biləcəyini açıqlayıb.

Maliyyə analitiki Andrey Şevçişin UNIAN-a müsahibəsində Rusiyanın hücumları nəticəsində mülki infrastrukturun, zavodların, anbarların və nəqliyyat-logistika obyektlərinin zədələnməsinin biznes fəaliyyətinə ciddi təsir göstərə biləcəyini bildirib.
Onun sözlərinə görə, belə vəziyyət müəssisələri işçilərin ixtisarına, məcburi məzuniyyətlərə, əməkhaqlarının azaldılmasına və yeni işə qəbulun dayandırılmasına məcbur edə bilər.
Analitik qeyd edib ki, gəlirlərini itirən insanların istehlak imkanları azalacaq və nəticədə iqtisadi fəallıq zəifləyəcək. Bu vəziyyət müəyyən mərhələdə Milli Bankı inflyasiya ilə mübarizədən əlavə, iqtisadi fəallığı stimullaşdırmaq üçün faiz dərəcələrini azaltmağa vadar edə bilər.
Şevçişin bildirib ki, logistika, istehsal və pərakəndə satış sektoru əsas risk qrupundadır. Onun sözlərinə görə, artıq müxtəlif bölgələrdə istehsal müəssisələri, anbarlar və logistika infrastrukturu zərər görüb.

Analitik iqtisadi itkilərin milyardlarla dollarla ölçüldüyünü, lakin hazırda bununla bağlı dəqiq rəsmi rəqəmlərin olmadığını deyib. O, iri sənaye müəssisələrinin fəaliyyətinin dayanmasının iqtisadiyyatın müxtəlif sektorlarına əlavə təsir göstərdiyini vurğulayıb.

Şevçişin qış aylarında elektrik enerjisinin ciddi məhdudlaşdırılmasının iqtisadi fəallığı kəskin azalda biləcəyini də bildirib. Onun qiymətləndirməsinə görə, gündə cəmi dörd saat elektrik enerjisinin olması iqtisadi aktivliyin 75 faizədək azalmasına səbəb ola bilər.

Bununla yanaşı, ekspert əməkhaqlarında kəskin azalma deyil, daha çox artımın dayanması və sabitləşmənin mümkün olduğunu qeyd edib. Buna səbəb kimi dövlətin böyük işəgötürən olması və dövlət sektorunda əməkhaqlarının hökumət tərəfindən tənzimlənməsini göstərib.
İqtisadi vəziyyətin pisləşməsi qiymətlərə də təsir göstərə bilər. Şevçişinin sözlərinə görə, müəssisələr artan xərcləri qiymətlərin yüksəldilməsi hesabına kompensasiya etməyə çalışa bilər. Lakin istehlakçı tələbatının zəifləməsi qiymət artımının müəyyən həddən sonra satışların azalmasına gətirib çıxara bilər.

Qeyd edək ki, Ukrayna Milli Bankı sentyabrın 17-də inflyasiyanın qarşısını almaq məqsədilə əsas faiz dərəcəsini 16 faizə yüksəldib. NBU rəhbəri Andrey Pışnıy avqust ayında istehlakçı inflyasiyasının 8,1 faizə çatdığını açıqlayıb.